Ukraynada dövlət çevrilişi real deyil


Sadəcə, Zelenski Rusiyaya yaxın qüvvələri neytrallaşdırmağa çalışır

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişinin baş verəcəyi barədə məlumat aldığını bəyan edib. O, bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib. V.Zelenski qeyd edib ki, Ukrayna və Rusiyanın bəzi nümayəndələri arasında iş adamı Rinat Axmetovun ölkədə çevrilişdə mümkün iştirakı ilə bağlı müzakirələr barədə məlumat var. "Deyə bilərəm ki, bizdə təkcə kəşfiyyat məlumatları deyil, hətta audio məlumatlar da var. 

Ukraynadan olan nümayəndələr Rusiya nümayəndələri ilə Rinat Axmetovun Ukraynada çevrilişdə iştirakı və bunun üçün 1 milyard dollar cəlb etmək məsələsini müzakirə edirlər. Onu Ukrayna dövlətinə qarşı müharibəyə cəlb edirlər. Məncə, buna başlayıb. Lakin bu onun böyük səhvi olacaq, çünki siz öz xalqınıza, Ukrayna xalqının seçdiyi prezidentə qarşı mübarizə apara bilməzsiniz”, - deyə V.Zelenski bildirib. O, Yanukoviç olmadığını, ölkədən qaçmayacağını deyib.

Zelenskinin fikirlərinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, ümumiyyətlə, Ukraynada Rusiyanın bir çox sferalarda şəbəkəsi var. Politoloqun sözlərinə görə, V.Zelenski orduda olduğu kimi digər sahələrdə də çalışır ki, Rusiyaya bağlı iş adamlarını, oliqarxları zərərsizləşdirsin və bu istiqamətdə siyasət aparır: 

"Təbii ki, bu, Ukraynanın güclənməsinə və separatizmə qarşı Donbasda hərbi əməliyyatlar aparmasında Kiyevin əlini gücləndirir. Amma düşünmürəm ki, Rusiya dekabrın 1-də Renat Axmetovun əli ilə dövlət çevrilişi etsin. Sadəcə bu, Rusiyaya yaxın  qüvvələrin neytrallaşdırılmasıdır”.