Türkiyədə çempion olan azərbaycanlı boksçu: “Dünya Çempionu olmağın xəyalını qururam”


Həsən Osmanlı Balıkəsir Universitetində Türkiyə Universitet İdmanları Federasiyası tərəfindən təşkil edilən Universitetlər  "Boks Unilig" Türkiyə Çempionatında  birinci yer tutub. Martın 28-dən aprelin 1-dək keçirilən və 63 müxtəlif universitetdən 300-ə yaxın idmançının mübarizə apardığı çempionatın sonunda yüksək dərəcələrdə yer alan idmançılara və komandalara medallar və kuboklar təqdim olunub. 

Kişi komanda kateqoriyasında OMÜ birinci, Fırat Universiteti ikinci, Qazi Universiteti və Fənərbaxça Universiteti isə üçüncü olub.

Həsən Osmanlının çempion olması ilə bağlı onun atası Göyüş Osmanov “Sherg.az”a danışıb. O, bildirib ki, Həsən idmanla 2009-cu ildən bəri mütamadi olaraq məşğul olur: 

“Əvvəlcə Həsən İdman Kompleksində boksla məşğul olub. Daha sonra müəllimi Əhmədov Azərlə məşqlərə davam edib. Özüm də evdə onun idmanı ilə məşğul olmuşam. İdmanda Azər müəllimin məşqləri, evdə mənim məşqlərim Həsənin formalaşmasına çox yardımçı olub. İndi də Türkiyə çempionu oldu”.

G.Osmanov Həsənin indiki təhsili ilə bağlı da məlumat verib:

 “O, Türkiyədə bir il hazırlıq oxuduqdan  sonra “Ondokuz Mayıs” universitetinə qəbul olub. Orada  “Anatrenörlük” (məşqçilik) üzrə təhsil alır. Hazırda həmin universitetin ikinci kursunda oxuyur”.

Həsənin atası gənc idmançının gələcək xəyallarından da söz açıb:

“Həsən gələcəkdə məşqçi olmaq istəyir. O, arzulayır ki, böyük klubların məşqçisi olsun. Ən əsası isə Dünya Çempionu olmağın xəyalını qurur. Səhv etmirəmsə, bu il ya Braziliyada, ya da Rusiyada universitetlərarası Dünya Çempionatı olacaq. Həsən də iştirak orada iştirak edib qalib olmaq istəyir”.