“Metroda bir qatarın dayanması bütün xətt üzrə intervala təsir göstərir” - Eldəniz Cəfərov

  • Əgər problem qatar hərəkətdə olarkən ortaya çıxıbsa, nasaz qatarın tuneldən - xəttdən çıxarılması doğrudur

Bu gün səhər saatlarında metroda qatarların hərəkətində 1 saat (!) gecikmə yaranıb. Həmin vaxt “Xalqlar Dostluğu” stansiyasında olan sərnişinlər real vəziyyəti əks etdirən görüntüləri sosial şəbəkədə paylaşıblar. Həm qatarın içində, həm də platformada 1 saata yaxın dayanan sərnişinlər qatarın nə zaman yola düşəcəyini gözləyiblər. Yerin altındakı dayanma yerin üstünə də təsir edib, avtobuslar da dolu və gecikmə ilə hərəkət edib. Həmkarımız Zaira Akifqızı ictimai nəqliyyatda yaranmış vəziyyətlə bağlı feysbuk səhifəsində “Bu nə vəziyyətdir belə? İnsanlar səhər saatlarında işə getmək üçün saatlarla əziyyət çəkməli, havasız qatarlarda və dolu avtobuslarda qalmalı deyil. Bu, normal ictimai nəqliyyat xidməti deyil!”yazıb. 

Bakı Metropoliteni QSC-nin yaydığı məlumata görə, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub. Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib. 

Qatarda niyə nasazlıq yaranmalıdır? Bunu da qeyd edək ki, qırmızı xətt “Həzi Aslanov” - “İçərişəhər” istiqaməti üzrə adətən köhnə qatarlar hərəkətdədir. Metropoliten nə qədər təzə vaqonlar alırsa da, bunlardan “İçərişəhər” xəttinə pay düşmür. Köhnə qatarda nasazlıq yaranacağı gözlənilməz olmamalıdır. Bəs qatarlar xəttə buraxılmamış texniki baxışdan keçirilmir? 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında bildirdi ki, qatarlar xəttə buraxılmazdan əvvəl texniki baxışdan keçirilir, amma: 

- Bütün texniki nasazlıqların əvvəlcədən müəyyən edilməsi mümkün deyil. Bəzi problemlər qatar hərəkətdə olarkən özünü göstərə bilər. Metro çox mürəkkəb infrastruktura malikdir. Metro mürəkkəb və vacib nəqliyyat vasitəsidir. Burada əsas məsələ nasazlığın hansı səbəbdən yarandığını müəyyən etməkdir. Gələcəkdə təkrarlanmasın. Əgər problem qatar hərəkətdə olarkən ortaya çıxıbsa, nasaz qatarın tuneldən - xəttdən çıxarılması doğrudur. Belə hallar texniki baxış və profilaktik xidmətlərin daha da təkmilləşdirilməsi üçün siqnal rolunu oynayır. Çünki metroda bir qatarın hərəkətinin dayanması qısa müddətdə bütün xətt üzrə intervala təsir göstərir. Ona görə də burada məqsəd kimisə günahlandırmaq yox, belə halların mümkün qədər əvvəlcədən qarşısının alınması və sərnişinlərə təsirinin minimuma endirilməsidir. 

P.S.

Sabah sentyabrın 15-dən ictimai nəqliyyat saat dəqiqliyi ilə işləyəcək, yoxsa neft, mazut daşıyan vaqon-sisternlər kimi, görəcəyik.