Sistem sərnişini səhvdən qorumalıdır.. -ADY-nin bilet satış sistemində eyni yanaşma niyə tətbiq edilmir? -AÇIQLAMA

Rauf Ağamirzəyev: Əgər ata adı sərnişinin identifikasiyası üçün məcburi məlumatdırsa, FİN kodu daxil edilən kimi bu məlumat avtomatik formalaşdırılmalıdır

Onlayn bilet alışında vətəndaşlar bəzən şəxsiyyət vəsiqəsindəki məlumatların yarımçıq qed edilməsi ilə üzləşirlər. Bəzən adın, soyadın, hətta doğum tarixinin onlayn biletdə səhv yazılması halları olur ki, bu da vətəndaşlara əlavə problem yaradır. Oxşar hadisə ilə bu günlərdə daha bir vətəndaş qarşılaşıb. 

Bu haqda social şəbəkədə palaşım edən Anar Vəliyev qeyd edir ki, Bakıdan Qazaxa qatarla gedərkən yoxlama aparan əməkdaşlar onun biletində ata adının qeyd olunmamasını əsas gətirərək 5 manat ödəniş tələb ediblər: 

- Biletdə adım, soyadım, şəxsiyyət vəsiqəsinin nömrəsi və digər məlumatlar qeyd olunub, lakin ata adı yoxdur. 5 manatı ödədim, amma ödənişə görə qəbz tələb etdikdə mənə heç bir qəbz və ya digər ödəniş sənədi təqdim edilmədi. Belə bir ödəniş qanunidirmi və həqiqətən biletdə ata adının olmamasına görə 5 manat ödənilməlidir, yoxsa məndən əsassız olaraq pul alınıb?

Məsələylə bağlı nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirdi ki, Biletim.az platformasında avtobus bileti alarkən şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu daxil edilən kimi vətəndaşın əsas məlumatları avtomatik olaraq sistemdə formalaşır. “Yolumuz Qarabağa” xidməti də mygov platformasına inteqrasiya olunub. Yəni texniki imkan və rəqəmsal infrastruktur artıq mövcuddur: 

- Bu halda haqlı sual yaranır: niyə ADY-nin bilet satış sistemində eyni yanaşma tətbiq edilmir? Əgər ata adı sərnişinin identifikasiyası üçün məcburi məlumatdırsa, FİN kodu daxil edilən kimi bu məlumat avtomatik formalaşdırılmalıdır. Əgər texniki olaraq bu mümkün deyilsə, sistem ata adı qeyd edilmədən bilet satışını tamamlamağa imkan verməməlidir. Əks halda sistem özü sərnişinə natamam məlumatla bilet almağa imkan yaradır, sonradan isə vaqonda bu problemə görə əlavə 5 manat ödəniş tələb olunur. Rəqəmsallaşmanın məqsədi vətəndaşın işini sadələşdirmək, məlumatların təkrar daxil edilməsini azaltmaq və insan amilindən yaranan səhvlərin qarşısını almaqdır. Sərnişin FİN kodunu daxil etdikdə adı, soyadı, ata adı və digər zəruri məlumatlar avtomatik sistemdə görünməlidir. Əgər bütün ölkə mygov kimi vahid rəqəmsal xidmət platformasına doğru gedirsə, nəqliyyat sistemləri də bu inteqrasiya prosesindən kənarda qalmamalıdır. Sistem sərnişini səhvdən qorumalıdır, səhvə şərait yaradıb sonradan buna görə əlavə ödəniş tələb etməməlidir. Hədəf həqiqətən sərnişin məmnuniyyətidirsə, rəqəmsal xidmətlərin məntiqi məhz belə qurulmalıdır.