Yumşalma prosesi tezliklə ardıcıl xarakter daşıyacaq
"Getdikcə, postpandemiya dövrünün yetişməsi, bərqərar olması üçün hər cür şərait yaranacaq"
Xüsusi karantin rejimində tətbiqinə başlanılan yumşalmalar sahibkarlıq subyektlərinin fəaliyyətinin bərpasına rəvac verir. Avqustun 18-dən etibarən kafe və restoranlarda açıq havada xidmət növünə icazə verilib və bu, son aylarda paytaxt sakinlərinin ürəyincə olan hələlik yeganə haldır. Aylardır gəzinti, istirahət, açıq havada ailəsiylə, dost-tanışla masa arxasında əyləşmək intizarına son qoyulub. Bu vəziyyət vətəndaşları sevindirdiyi kimi, sahibkarları, xidmət sektorunda çalışanları da xeyli məmnun edib. Səbəb məlumdur – sahibkarlar dəymiş ziyanı aradan qaldırmağa çalışır, işçilər də evinə, ailəsinə qazanc aparır. Yumşalmalarla yanaşı, sahibkarları, vergi ödəyicilərini, vətəndaşları sevindirəcək digər hal isə ölkə prezidentinin tapşırığına və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsaitlərin köçürülməsinə başlamasıdır.
Qeyd edək ki, maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir və avqust-sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. Görünən budur ki, dövlət vətəndaşa hərtərəfli dəstək verir. Bir tərəfdən ictimai iaşə obyektlərinin fəaliyyəti bərpa olunur, bir tərəfdən də maliyyə yardımı göstərilir. Narahatedici məqam isə bundan ibarətdir ki, yumşalma şəraitində qaydalara riayət edilməsə, yoluxma statistikası yenidən arta bilər və bu da ikiqat zərbə olar. O zaman hökumət niyə güzəştə gedir?
İqtisadçı Pərviz Heydərov “Şərq”ə açıqlamasında iqtisadi fəaliyyət sahələrinin uzunmüddətli dondurulmuş vəziyyətdə saxlanmasının mənfi tərəflərini izah etdi:
- Pandemiya şəraiti ilə bağlı artıq 5 aydan çoxdur ki, karantin rejimində yaşayırıq. Ölkədə bir sıra iqtisadi fəaliyyət sahələri donmuş vəziyyətdədir, içtimai iaşə obyektləri və bu sahədə fəaliyyət göstərən sahibkarlar, o cümlədən kiçik və orta biznes məhdudiyyət basqısı altındadır. Sözün qısası, demək olar, bütün növ xidmət və ticarət fəaliyyəti qeyri-işlək haldadır.
Dövlətin isə əsas gəlir mənbələri məhz bunlardan ibarətdir. Yəni daxildə iri və geniş istehsal sahələrimiz çox olmadığından ölkə büdcəsinin başlıca gəlir mənbələrini qeyd olunan sahələr təşkil edir.
Bundan əlavə, əhalinin gündəlik qazancdan asılı olan hissəsi də bu sferalarda çalışır. Odur ki, adıçəkilən sferalarda məhdudiyyətlərin tədbiqi həm vətəndaşlarımız üçün, həm də dövlətin və hökumətin özü üçün çox ağır başa gəldi. Düzdür, dövlət kompensasiya tədbirləri həyata keçirdi və bu, davam etdirilir.
Ancaq bununla yara sağalmır - məhdudiyyətlər aradan götürülməli, xidmət və ticarət sahələrində pandemiyaya qədər olan vəziyyət bərpa olunmalıdır. Ümumiyyətlə, bundan artıq karantin rejimində yaşamaq, bütövlükdə iqtisadiyyatda tənəzzülü dərinə işlədə bilər. Ona görə də açıq havada restoran və kafelərin işinin bərpa olunması, bundan əvvəl isə digər fəaliyyət sahələrində tətbiq olunan məhdudiyyətlərin tədricən aradan götürülməsinə start verilməsi müsbət qiymətləndirilməlidir.
Əlbəttə, insanların sağlamlığı dövlətimiz üçün bir nömrəli vəzifədir. Lakin iqtisadiyyat da həm əhali, həm dövlət üçün mühüm şərtdir. Odur ki, güman edirəm, hazırkı yumşaldılma prosesi tezliklə ardıcıl xarakter daşıyıcaq və getdikcə, postpandemiya dövrünün yetişməsi, bərqərar olması üçün hər cür şərait yaranacaq. Bu, ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlərin davam etdirilməsinə yenidən yol açacaq.