"Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək paketi hazırlayır"
Pandemiya dövründə ən çox zərər çəkən sahələrdən biri, əlbəttə ki, turizm sektoru oldu. Koronavirus təhlükəsi dünya ölkələrini qapılarını bağlamağa, dünya əhalisini yalnız öz ölkəsinin sərhərdləri daxilində qalmağa məcbur etdi.
Bu məşum koronavirus bəlası olmasaydı, həyat öz axarında davam edəcək, səyahət azarkeşləri, dünyanı gəzmək arzusu olanlar bir ölkədən digərinə səfər edəcək, ürəkləri istədiyi şəkildə istirahət edəcəkdilər. Xarici turizm bir yana, yerli turizm də ənənəvi qaydada davam edəcəkdi. Xüsusilə də yay mövsümündə insanlar regionlara səyahət edəcək, yaxşıca dincəlib payız mövsümünü yeni həvəslə qarşılayacaqdılar. Amma… Bunların heç biri olmadı. Karantin qaydalarını pozaraq bölgələrə səfər edən, bir çox hallarda cərimə olunan, bəzən də cəzadan, nəzarətdən yayınanlar hesabdan deyil. Söhbət kütləvi turizm, kütləvi istirahətdən gedir.
Məlumdur ki, yerli turizmin inkişafı bir çox hallarda xeyirlidir. İnsanların səyahət imkanlarının artması, vətəndaşların rahat istirahət imkanı əldə etməsi, turizm sektorunun inkişafı fonunda sahibkarlığın da dinamik inkişafı, ümumilikdə dövlət maraqlarına xidmət edir. Vətəndaş razıdır, sahibkarların timsalında vətəndaş da qazanır, vergi ödəyicisi olan sahibkarların büdcəyə ödəmələr etməsi hesabına dövlət də qazanır. Lakin pandemiya vətəndaşları da bu imkanlardan məhrum etdi, dövlət büdcəsinə də ziyan vurdu.
“Bu ilin beş ayı ərzində beynəlxalq turizm axınları yarıbayarından artıq, turizm xidmətlərindən əldə edilən mənfəət 320 milyard ABŞ dolları azalıb. Bilavasitə turizm sektoru ilə bağlı olan 120 milyonadək iş yeri təhlükədədir”. Bunu BMT-nin Baş katibi Antonio Quterres deyib. İqtisadiyyatın mühüm sahələrindən olan turizm sektorunda dünya əhalisinin onda birinin çalışdığını xatırladan təşkilat rəhbəri turizm sektorunun dolayı olaraq əlavə yüz milyonlarla insana qazanc gətirdiyini qeyd edib.
Turizm sektorunda fəaliyyət göstərən orta və kiçik sahibkarlıq qurumlarında çoxlu sayda gənclərin və qadınların da çalışdığı, beləliklə, əhalinin ən həssas təbəqələrinin təhlükə altına düşdüyünü bildirib.
BMT baş katibi turizm sektorunun bərpa olunması zamanı sosial ədalət, ictimai təhlükəsizlik, ətraf mühitinin mühafizəsi kimi məsələlərin əsas tutulmasının vacibliyini də vurğulayıb. Ən azından götürsək, son 10 ildə turizm sektorunun yüksəlişi müşahidə olunan ölkəmizin turizm sektoru pandemiya səbəbindən nə qədər ziyan çəkir?
Dövlət ziyan çəksə də, sərhədləri bağlamaq ən düzgün qərardır
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə videoformatda görüşü olmuşdu. Prezident görüş zamanı qeyd etmişdi ki, bütün dünyada olduğu kimi pandemiya dövründə Azərbaycana da turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq: “Bildiyiniz kimi, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu.
Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar.
Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır.
Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır”. Prezident qeyd edib ki, təhlükənin minimuma enməsiylə sərhədlər yenidən açılacaq və o zaman turizm sektorunun bərpasına dair ÜTT-nin tövsiyələri çox gərəkli olacaq".
Yeni qaydalar postpandemiya dövrünə hesablanıb
Qeyd edək ki, mehmanxanaların fəaliyyəti ilə bağlı yeni qaydalar işlənib hazırlanıb. Bu, turizm sektorunda yavaş-yavaş canlanmanın müşahidə edilməsiylə bağlıdır. Karantin rejiminin mərhələli şəkildə yumşaldılması, kafe və restoranların fəaliyyətinə hələlik yalnız açıq havada icazə verilməsi yaxın vaxtlarda bu sektorda daha artıq canlanmanın olacağını söyləməyə əsas verir.
Mümkündür ki, Azərbaycan payız mövsümündə xaricdən turizm qəbuluna icazə versin. Yerli turizmin canlanması da karantin rejimi qaydalarına riayət edilməklə mümkündür. Ölkəmizdə çalışan əcnəbilər səyahət istəklərinin onsuz da önünə keçmir. Bu, kiçik miqyasda olsa da, turizm sektorunun çökməməsi baxımından müsbət haldır.
Yeni növ koronavirus pandemiyası dövründə fəaliyyət göstərən mehmanxanalarda COVİD-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra qaydalara əməl olunmalıdır.
Müştərilər arasında növbəlilik sisteminin qurulması, qabaqlayıcı tədbirlər, mehmanxanaların əhatə etdiyi ərazidə dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması, qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlarda maskası olmayan şəxslərə əlavə maskalar, digər gigiyena vasitələri təqdim olunmalıdır. Həmçinin müəssisənin bütün xidmət ərazilərində nağd ödənişlər məhdudlaşdırılmalı və təmassız ödəniş üsullarına üstünlük verilməsi təmin edilməlidir.
Mehmanxanaların ictimai iaşə zonalarında işçi heyət şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməlidir. Həmçinin mehmanxanaya daxil olarkən onların termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülməlidir. Mehmanxanaların ictimai iaşə sahəsində çalışan işçi heyətin dəyişəkli təmiz iş geyimində olması əsas şərtlərdəndir.
Profilaktik tədbirlər çərçivəsində mehmanxanaların bütün ərazisində səthlərin xüsusiyyətinə uyğun olaraq, dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilməlidir. Qeyd edək ki, hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirklənmənin növü, səthin tipi və s. kimi amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.
Mehmanxanaların ictimai iaşə zonalarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmalıdır. İctimai iaşə sahəsinin qarşısındakı (girişində) xüsusi lövhələrdə qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları əks olunmalıdır.
Mehmanxanaların mətbəxində qida ilə təmasda olan səthlərin, alət və avadanlıqların təmizliyi təmin olunmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidir. Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanmalıdır.
Qida məhsullarına işçi heyətdən mümkün qədər az sayda insanın əllə toxunmasına icazə verilməlidir. Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır.
Mehmanxanaların ictimai iaşə zonalarında - mətbəxdə işçi heyətin şəxsi gigiyenaya əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət olunması, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub, təmizlənməsi təmin olunmalıdır və sair.
Bütün bu qaydalar vətəndaşların təhlükəsizliyi, yoluxma riskinin minimuma endirilməsi məqsədi daşıyır. Şübhəsiz ki, postpandemiya dövründə, ölkəmizə səyahət edəcək xarici turistlər təmizlik məsələlərinə xüsusi diqqət edəcək. Çünki dünya artıq qorxu içindədir. Mədəni insanlar başqa ölkəyə səyahət etməzdən öncə sanitar-gigiyenik normaların qorunmasına, sosial məsafə məsələlərinə önəm verəcəklər. Koronavirus bəlası bitsə belə. Həmin dövrə hazır olmalıyıq.
Turizm sektorunda çalışanların gəlirləri azalıb
Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. Koronavirusun iqtisadiyyatımıza təsirlərinin minimallaşdırılması Azərbaycan hökuməti üçün növbəti mərhələlərdə də prioritet olacaq. Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun fikrincə, pandemiyanın ilk günlərindən Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Bununla Prezident koronavirusun həm sahibkarlara, həm də ölkə vətəndaşlarının fəaliyyətinə göstərdiyi təsirlərin minimumlaşdırılması ilə bağlı siyasi iradəsini bir daha ortaya qoydu. Bu, ondan xəbər verir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini məhz vətəndaşlarımızın təhlükəsizliyi və onların sosial təminatının gücləndirilməsi təşkil edir.
V.Bayramov deyib ki, koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər fərqli sektorlarda, o cümlədən turizm, xidmət, ictimai iaşə, nəqliyyat və loqistika sektorlarında çalışan sahibkarların fəaliyyətinə mənfi təsir göstərir:
- Koronavirusun təsiri nəticəsində xidmət, ictimai iaşə və turizm sektorunda çalışanların gəlirlərində azalmalar müşahidə olunur. Bu baxımdan yeni fondun formalaşmasında məqsəd sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması, onlara dövlət dəstəyinin daha da gücləndirilməsidir. Sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı yaradılan işçi qrup fərqli sahələrdə çalışan sahibkarların fəaliyyətinə mənfi təsirlərin minimumlaşdırılması ilə bağlı fəaliyyət göstərir.
Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək paketi hazırlayır. Dəstəyin gücləndirilməsi ilə bağlı təkliflərdə də məhz fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlar üçün yeni dəstək mexanizminin tətbiqi nəzərdə tutulur. Koronavirusun Azərbaycan sahibkarlarına, eləcə də vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması əsas hədəfdir.