Rusiyanın Azərbaycan zavoduna investisiya ayırması öz maraqlarına xidmət edir

Rusiyanın Energetika Nazirliyi 14 neft emalı zavodunun modernizasiya edilməsi və yeni yanacaq istehsalı müəssisələrinin inşasına dair müqavilələr imzalayıb. Bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu müqavilə 2027-ci ilə qədər davam edəcək və onun ümumi dəyəri 800 milyard rubl (10,58 mlrd ABŞ dolları) təşkil edir. Saziş imzalanan şirkətlər arasında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus "Antipinski" neft emalı zavodu da mövcuddur. Qeyd edək ki, razılaşmalar 1 yanvar 2031-ci il tarixinədək qüvvədədir.

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Rusiyanın təkcə neft sənayesində deyil, demək olar ki, cüzi istisnalarla bütün sənaye sahələrində moderinizasiyaya ehtiyac var.  O həmçinin qeyd edib ki, Rusiya hökuməti mümkün qədər bu istiqamətdə vaxtaşırı nələrsə etməyə çalışır:

"Budəfəki müqavilələr silsiləsi isə neft emalı zavodlarının modernizasiyası istiqamətindədir. Bu layihə hələ ən azı 6 il davam edəcək. İlkin qiymətləndirmələrdə 10,5 milyard dollar həcmində qiymətləndirilsə də, adətən belə geniş istiqamətli işlər zamanı sonrakı mərhələlər 5-10 faizli əlavə xərc zərurəti yaradır.

Odur ki, müqavilədə nəzərdə tutulan işlərin tamamlanması üçün ümumi xərclərin azı 11 milyard dolları aşa biləcəyini istisna etmirəm. Sözügedən şirkətlər arasında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus "Antipinski" neft emalı zavodunun da olmasına gəldikdə, bu zavod haqqında məlumat üçün deyim ki, hələ bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələrinin iştirakı ilə Rusiyanın Tümen şəhərindəki "Antipinski" neft emalı zavodu istehsal tsiklini bərpa edib. O zaman verilən məlumata görə, zavod sonradan hazır məhsul şəklində geri qaytarılmaq şərti ilə sifarişçinin özünün təchiz etdiyi xammaldan istifadə etməklə müntəzəm rejimdə işləməyə davam edəcəkdir.

O zaman SOCAR mütəxəssislərinin təcrübə və bacarıqlarından 2019-cu ilin iyun ayında "Novıy Potok" Neft Şirkəti" MMC-nin əməliyyat fəaliyyətinin bərpa edilməsi zamanı istifadə olunub".

E.Əmirov əlavə edib ki, hazırda isə digər 13 neft emalı zavodu ilə paralel olaraq Tümen şəhərindəki "Antipinski" neft emalı zavodunun moderinizasiyası üçün işlərin görülməsi planlaşdırılır:

"Rusiya Energetika Nazirliyi bu 14 zavodla əlaqədar olan müqavilələrin incəlikləri haqqında məlumat verməsə də, verilən məlumata görə, imzalanmış sazişlərə əsasən, ikinci dərəcəli neft emalı üçün 30 texnoloji qurğunu, habelə köməkçi qurğuları və sahədənkənar qurğuları yenidən qurub istismara verməlidirlər. Gözləntilər özünü doğrultmalı olsa, o zaman Rusiyada illik yanacaq istehsalı 28 milyon tondan çox artacaq. Bunun da 3,6 milyon tonu benzin, 25 milyon tonu isə dizel yanacağının payına düşəcək. Məlumat üçün deyim ki, son bir ildə, yəni 2019-cu illə müqayisədə 2020-ci ildə yanacaq istehsalı Rusiyada 5 faizədək azalıb. Buna görə də Rusiyanın bu addımını hansısa formada Azərbaycan üçün xüsusi jest olaraq qəbul etməyə dəyməz. Çünki Azərbaycan Dövlət Neft Şirkətinə məxsus "Antipinski" neft emalı zavodu Azərbaycanım ümum milli məhsulununa töhfə verirsə də, bu zavodun istehsal etdiyi məhsul Rusiyanın Ümumi Daxili Məhsuluna aiddir. Bir az sadə dildə desək, bir azərbaycanlı əgər Rusiyada işləyib ayaqqabı tikməklə məşğuldursa, onun əldə etdiyi qazanc Azərbaycanın Ümumi Milli Məhsuluna daxildir, istehsal etdiyi ayaqqabılar isə Rusiyanın Ümumi Daxili məhsulunu artırır. Yəni bu situasiyanı ən qısa şəkildə ifadə etsək, deməliyik ki, Rusiyanın məqsədi Azərbaycanın ÜMM-nə müsbət təsir etmək yox, öz ÜDM-nin səviyyəsinə xidmət etməkdir. Sadəcə bu situasiyada qeyri-rezidentlər də müəyyən mənada yararlanırlar. Bir sözlə, Rusiyanın Azərbaycana məxsus zavoda investisiya ayırması ilk olaraq öz maraqlarına xidmət edir".