““Zəngəzur nəqliyyat dəhlizi” qitə və regionları birləşdirən layihədir”

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxış edib.
Ölkə başçısı qeyd edib ki, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır:
“Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.



Millət vəkili Asim Mollazadə “Zəngəzur nəqliyyat dəhlizi”nin ölkəmiz üçün əhəmiyyətini “Sherg.az”a dəyərləndirib.Parlament üzvü bildirib ki, Azərbaycan bir sıra-şərb-qərb, şimal-cənub istiqamətlərində nəqliyyat dəhlizləri və enerji kommunikasiyalarının inkişafına mühüm töhfə verib:
“Bu, yalnız ölkəmiz üçün böyük önəm daşımır. Həmin dəhlizlər qitə və regionları birləşdirən, tərəfdaşlığa xidmət edən layihələrdir.

Bu layihələr demək olar ki, bölgəmizdəki bütün dövlətlərin marağındadır. Cənab Prezident çıxışı zamanı böyük regionun maraqlarını əhatə edən konfransda fikrilərini ifadə etdi.

Ölkə başçısı çıxışında bölgədəki dövlətləri əməkdaşlığa dəvət etdi və Azərbaycanın yaratdığı, daha da genişləndiriləcək sistemə həmin dövlətlərin diqqətini cəlb etdi. Bu, çox mühüm məsələdir. Çünki regionda olan ölkələr əməkdaşlıq üçün yeni nəqliyyat dəhlizləri axtarır.

Azərbaycanın yaratdığı nəqliyyat sistemi də həmin dövlətlərin marağına uyğundur. Əminəm ki, regiondakı ölkələr bu dəvəti qəbul edib əməkaşlığa qoşulacaqlar”.