“Zolotoe Solnişko” üç qat baha satılır:“Soyğunçuluqdur”

“Bu soyğunçuluğu həm məmur sahibkarlığı, həm də Gömrük Komitəsinin müvafiq bəyannamə qiymət siyasəti yaradır”


Son günlər bəzi ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Əməkdaşlarımız məsələni dəqiqləşdirmək üçün bir neçə mağazada olublar. Əvvəllər 7.60 AZN-a olan “Zolotoe Solnişko” duru qarğıdalı yağının qiyməti hazırda 10.40 AZN-dır. Bahalaşmanın hansı səbəbdən qaynaqlandığı isə bilinmir. Hətta bu hal bəzi narazılıqlara da səbəb olur.  Şəhəri bürüyən bahalaşma dalğası isə aidiyyəti qurumları qətiyyən narahat etmir.



İqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında təəssüflə bildirib ki, dünya bazarında bu tipli yağların tonu qablaşdırılmamış halda təqribən 1000 dollar ətrafındadır:

“Bizə ərzaq məhsulları idxal edilən ölkələrdə -Rusiya və Ukraynada qiymətlər çox baha deyil. Rusiyada 120 rubl təxminən 1 dollar 60 sent civarındadır. Bu civarda olan malın Azərbaycana gəlib çıxması təbii ki, iqtisadiyyatımızda və gömrük sistemində ciddi inhisarçılığın olmasından xəbər verir.

Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının bu duruma salınmasının səbəbi süni qiymət artımıdır. Süni qiymət artımı Gömrük Komitəsi tərəfindən əsassız olaraq gömrük bəyannamələrində artırılır. Beləliklə, sahibkarlara müəyyən məhdudiyyət yaradılır”.

İqtisadçı qeyd edib ki, daxili bazarımızın monopoliyaya alınması ilə həmin mala tələbat olduğu halda Azərbaycan sahibkarları məhsulu xarici bazarlardan ən çoxu 1000 dollara alır:

“Sözügedən məhsul ölkəmizə qablaşdırılmış şəkildə daxil olanda 2.50-3 manatdan artıq ola bilməz. Lakin bu məhsulun üç qat baha satılması soyğunçuluqdur.

Hesab edirəm ki, bu soyğunçuluğu həm məmur sahibkarlığı, həm də Gömrük Komitəsinin müvafiq bəyannamə qiymət siyasəti yaradır”.