Deputat:“Rayonlarda kiçik və orta biznes inkişaf etdirilir” 

Bu günlərdə Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qəbələ rayonunda səfərdə olublar. Onlar Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət ediblər. Bu, ölkədə multikulturalizm ənənələrinin qorunub saxlanması, bütün dini konfessiyalara dövlət dəstəyinin göstərilməsinin bariz nümunəsidir.

Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbin açılması isə ölkədə təhsil infrastrukturunun inkişaf etdirilməsinin, 3 mindən artıq məktəbin tikintisi və ya  əsaslı şəkildə yenidən qurulması, dövlətin təhsilə qayğsının göstəricisidir. 

Millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev bu barədə “Sherg.az”a danışdı. O, bildirdi ki, regionların sosial-iqtisadi inkişafı həmişə dövlət rəhbərliyinin prioritetlərindən olub:

“Bu işlər indi yox, 2003-cü ildən, yəni İlham Əliyev prezident seçildiyi gündən başlayıb. Həmin vaxt dünyadakı problem Azərbaycanda da var idi: regionlarla mərkəzin inkişafı arasında kəskin fərq müşahidə edilirdi. Lakin dövlət başçısının regionların inkişafı proqamları həmin fərqi aradan qaldırdı.

Bu gün bütün rayonlarımızda, o cümlədən mənim deputat seçildiyim Lənkəranda xüsusi inkişaf hiss edilir.

Hətta ölkəmizə gələn əcnəbi qonaqlar bu qədər böyük işlərin qısa müddətdə baş tutduğunu öyrəndikdən sonra təəccüblənirlər. Deməli, dövlətin sosial-iqtisadi siyasətinin əsas istiqaməti məhz regionların paytaxt səviyyəsinə çatdırılmasıdır”.

R.Quliyev, həmçinin söylədi ki, bu işlər davamlı olacaq:


“Qəbələnin inkişafında prezidentin xüsusi rolu var. Hazırda Qəbələ təkcə Azərbaycanın deyil, həm də Cənubi Qafqazın və post-sovet məkanın ən inkişaf etmiş regionlarındandır. Sevindirici haldır ki, regionlardakı işsizlik əmsalı da kəskin azalıb. Rayonlarda kiçik və orta biznesin inkişafı üçün lazımi şərait yaradılıb. Bütün bunlar onu göstərir ki, neft-qaz sektorundan əldə edilən gəlir praqmatik formada sərf olunur və töhfəsini verir”.