Bakı Baş Gömrük İdarəsində əməliyyat:“Daha radikal addımlar atılsın”

Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində idarənin bir neçə əməkdaşı saxlanılıb. Əməliyyat zamanı idarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

 Əslində bu, gözlənilən idi. Çünki xeyli vaxtdır ki, sözügedən qurumla bağlı tənqidlər səngimirdi. Ekspertlər Gömrük İdarəsinin yarıtmaz fəaliyyətindən ağızdolusu danışırdılar. Keçirilən əməliyyat tənqidlərin haqsız olmadığını göstərdi.


 İqtisadçı-alim Nazim Bəydəmirli bu barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun sözlərinə görə, belə addımlar ciddi nəticə üçün kifayət deyil:

“Gömrük İdarəsinin fəaliyyətindəki korrupsiya, rüşvətxorluq və monopoliya hər kəsə məlumdur. Bir müddət əvvəl MDB statistika komitəsi ən çox qiymət artımının məhz Azərbaycanda olduğunu bildirmişdi. Ümumiyyətlə, gündəlik qiymət artımı ölkəmizdə adi hala çevrilib. Hətta başqa ölkələrdə ucuzlaşma müşahidə ediləndə belə, bizdə bahalaşma olur. Bu isə vətəndaşların rifahını pisləşdirir və narazılığa səbəb olur. Deməli, Gömrük İdarəsi məqsədinə çata bilməyib və daxili istehsalı qoruya bilməyib”.

 N.Bəydəmirli, həmçinn bildirdi ki, daha radikal addımlar atmaq lazımdır:

“Gömrük İdarəsinin açıqlamasında saxlanılan şəxsə dəfələrlə xəbərdarlıq edildiyi göstərilir. Əslində bu bəyanat özü də təsdiqləyir ki, kadr dəyişikliyi sadəcə daxili hesablaşmalarla bağlıdır və “gözə kül üfürməkdir”. Məqsəd korrupsiyaya qarşı mübarizə yox, “ip-sapa yatmayanları” uzaqlaşdırmaqdır. İndiki halda labüd addım isə Gömrük İdarəsinin ləğv edilməsi və Vergilər Nazirliyinə birləşdirilməsidir”.