Bütün yarmarkalar yenidən açılır

"Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili fermerlər üçün də kəndli üçün də vacibdir"

"Azərbaycanda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün geniş imkanlar var. Potensialımız böyükdür"


Karantin qaydalarında tətbiq edilən yumşalmalar kənd təsərrüfatı yarmarkalarının təşkilinə də müsbət təsir göstərəcək. Kənd təsərrüfatı naziri İman Kərimov bununla bağlı müjdə verib. Bakı Ekspo Mərkəzində təşkil edilmiş 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri ilə tanış olan nazir medianın suallarını da cavablandırıb. Nazir bildirib ki, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vaxtaşırı təşkil edilən, lakin pandemiya şəraiti ilə əlaqədar dayandırılan bütün yarmarkalar fəaliyyətini bərpa edəcək.

Nazir qeyd edib ki, pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqca bu tədbirlərin də keçirilməsinə başlanacaq: "Pandemiya ilə bağlı yumşalmalar başlanıb. Yumşalmalar olduqca yarmarkalar da təhlükəsizlik tədbirlərinə riayət edilməklə təşkil olunacaq. Həm bal yarmarkaları, həm də kənd təsərrüfatının ənənəvi yarmarkaları fəaliyyətini bərpa edəcək". Sözügedən sərgilər iyunun 12-dək canlı formatda təşkil olunur. Bu il Azərbaycan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət sərgilərə qatılıb. Öz ölkələrini kənd təsərrüfatı sektorunda təmsil edən şirkətlərin, qrupların sərgilərdə iştirakı, əlbəttə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi baxımından önəmlidir. Belə sərgilərin keçirilməsi kənd təsərrüfatı sahəsində canlanma yaradan hadisədir. Canlanmanın təzahürləri satış yarmarkalarının bərpa olunacağı xəbərində də özünü göstərir. 

Yarmarkalar kimin üçün daha xeyirlidir?

Kənd təsərrüfatı mütəxəssisləri, həmçinin iqtisadçılar satış yarmarkalarının təşkilini hər zaman vacib hesab edir. Burada kənd təsərrüfatının inkişafı zəminində dövlət maraqlarının qorunmasını, eyni zamanda əkinçilik, tərəvəzçilik, bostançılıqla məşğul olan fermerlərin, sahibkarların, o cümlədən sadə vətəndaşların da mənfəət əldə edə bilməsini önə çəkirlər. Dövlətin marağındadır ki, kəndlinin becərdiyi məhsul əlində qalmasın. Satış həyata keçirib gəlir əldə edə bilsin. Çünki bu, onun iqtisadi güvənliyini təşkil edəcək. İkincisi, dövlət həm də maraqlıdır ki, bazarda çeşid müxtəlifliyi, bolluq yaransın, çünki qiymətlərin necəliyi də bundan asılıdır. Heç bir dövlət arzulamaz ki, vətəndaş bazar qiymətlərindən narazı qalsın. Hansısa meyvə-tərəvəzin qıtlığı yaşansın. Əlaqədar qurumların vaxtaşırı bazarlarda monitorinq keçirməsi, süni qiymət artımının qarşısını almağa çalışmaları məhz bu məqsədlərə nail olmağa yönəlir. Məlumdur ki, kəndlinin, fermerin hər zaman əsas narahatlığı becərdiyi məhsulun satışı ilə bağlıdır. “Məhsulu sata biləcəyəmmi? Əkin sahəsində, bostanda quşlara yem olmayacaq ki? Satışdan gəlir, mənfəət əldə edəcəyəmmi?” – kəndlini, fermeri, irili-xırdalı sahibkarları düşündürən məhz bu suallardır. Bazarlara giriş məsələsində məlum çətinliklər mövcud olduğundan kəndli gözünü satış yarmarkalarına dikir. Bilir ki, kənd təsərrüfatı tərəfindən yarmarkalar təşkil olunarsa, məhsulunu rahat bir şəkildə satışa çıxarıb qazanc əldə edə biləcək. Pandemiya dövründə satış yarmarkalarının təşkilində fasilə yaranması ilk növbədə fermerlərə ağır zərbə oldu. İndi isə fermerlər sevinir, kəndli də becərdiyi məhsulu qablaşdırıb şəhərə üz tutmağa hazırdır.        

Yarmarkalar kəndlinin özünə inamını artıracaq

Fəlsəfə elmləri doktoru, kənd təsərrüfatı üzrə mütəxəssis Qadir Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili fermerlər üçün də kəndli üçün də vacibdir: 

- Satış yarmarkalarının olması fermerin, kəndlinin özünə inamını artırır. Düşünürlər ki, məhsulu satmaq üçün yer var, yaxşı-pis, nə qədər olmasa da, yenə də satıb qazanc əldə biləcəklər. Fermerlərin becərdiyi məhsulun əllərində qalması – satılmaması və ya dəyərindən çox ucuz satılması faktları yaşanır. Bu, bazar iqtisadiyyatının mənfi təzahürlərindən biridir. Məhsul niyə fermerin əlində qalır, çünki bazar araşdırması anlayışı zəifdir. Məsələn, Türkiyədə “daban qiymətləri” yanaşması var. Nədir bu? Dövlət məhsul əkilərkən onun gələcək alıcısı kimi çıxış edir. Yəni əvvəldən fermerə təminat verir ki, sənin məhsulunu mən alacam. “Daban qiyməti” – bizdə buna bazar qiyməti də deyilir, bu, dövlətin zəmanət verdiyi qiymətdir. Bu sistem fermerə güvən verir, fermer becərdiyi məhsulun satışından arxayın olur. İkincisi, məhsulların xarici bazarlara çıxışı təmin edilməlidir. Sertifikat verənlər kömək etmək əvəzinə, mane olmamalıdır. Bu sahədə monopoliya aradan qaldırılmalıdır. Üçüncüsü, fermerlərin daxili bazara girişi təmin edilməlidir. Məhsulu kənddən şəhərə gətirən yollarda yersiz nəzarətlər ləğv edilməlidir. Bazarların sayı da artırılmalıdır. Həftə sonları, bayram günlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının köməyi ola bilər bu məsələdə. Abşeron ərazisində geniş sahələr var. Orada fermerlər üçün yataqxana tipli bina inşa etmək olar. Çünki kənddən şəhərə məhsul gətirən fermerin mehmanxanada bir gecə üçün 40-50 manat ödəmək imkanı olmur. Amma yataqxanalar olsa, fermer məhsulunu rahat şəkildə bazara gətirər, yollarda incidilməz, bazara çıxarar, məhsulu satıb qurtaranadək də yataqxanada qalar. Bundan əlavə, bölgələrdə tədarük məntəqələri yaradılmalıdır. Fermerlər məhsullarını xarab olmasın deyə, həmin məntəqələrə təhvil verməlidirlər. Azərbaycanda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün geniş imkanlar var. Potensialımız böyükdür. Bu potensialdan lazımi qaydada, həm ölkənin kənd təsərrüfatına, həm də fermerlərə faydalı olacaq şəkildə istifadə edilməlidir.

Dövlət kəndlinin maraqlarını düşünür
 
Xatırladaq ki, pandemiyanın kəskin vaxtlarında, sərt karantin qaydaları tətbiq edildiyi zaman da Azərbaycan hökuməti həm fermerləri, həm də alıcıların maraqlarını nəzərə alaraq bayram yarmarkalarının təşkilinə icazə vermişdi. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Novruz bayramı ilə əlaqədar “Kənddən Şəhərə” – kənd təsərrüftı məhsullarının satış yarmarkaları təşkil olundu. Düzdür, sayı az idi. Bakı və Abşeron ərazisində üç fərqli ünvanda – Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (keçmiş “İnqilab” kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A. Nazirlik keçiriləcək yarmarkanın təşkilində əsas məqsədin bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq və yerli fermerlər üçün alternativ satış kanalının təşkil edilməsi olduğunu bildirirdi. “Kənddən Şəhərə” yarmarkalarında satışa çıxarılacaq məhsullar həm də tamamilə yerli istehsal idi, müxtəlif regionlarda fəaliyyət göstərən və  yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunurdu. Məhsulların qiymətləri digər satış mərkəzlərindən və bazarlardan daha münasib, eləcə də aztəminatlı ailələrin büdcələrinə uyğun idi. Yarmarkaya gələnlər də qiymətlərdən razılıq edirdilər. Deməli, məqsədə az və çox, hər halda nail olunmuşdu. Ən azı paytaxt sakinləri bayram ərəfəsində qiymətlər “əl yandıran” mərkəzi bazarlardan canlarını qurtarıb, yarmarkalardan istədiklərini əldə edə bilirdilər.   

Yarmarkalarda karantin qaydalarına əməl edilməlidir

Satış yarmarkaları təşkil edilən zaman karantin rejiminin tələblərinə mütləq əməl olunmalıdır. Yarmarkada iştirak edəcək fermerlər əvvəlcədən tibbi müayinədən keçməli, ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla da (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) təmin olunmalıdırlar. Çünki pandemiya hələ bitməyib. Hardasa yol verilən səhlənkarlıq yoluxma sayının artmasına, virus daşıyıcılarının sərbəst dolaşmasına səbəb ola bilər. Yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, satıcıların və alıcıların  sosial məsafəni qorumasına ciddi nəzarət olunmalıdır. 



İqtisadçı Fuad İbrahimov da belə hesab edir ki, yarmarkaların təşkilində məqsəd liberal biznes mühitində sağlam rəqabət yaratmaqdır. Məqsədə nə dərəcədə nail olunacağını isə gələcək göstərəcək:  

- Əsas budur ki, fermerə becərdiyi məhsulu kənddən şəhərə gətirməsinə şərait yaradılsın. Bunun üçün tədarük məntəqələri olmalıdır, hökumət fermerin məhsulu yarmarkaya gətirməsinə yardımçı olmalıdır. Yol xərcləri heç olmasa qismən qarşılanmalıdır. Şəhərə girişdə və ya yarmarkaya, bazara girişdə məhsulun fermerin, kəndlinin əlindən çıxmasının qarşısı alınmalıdır. Əks halda qiymətlər yenə yüksək olacaq, çünki alverçilər, yarmarkalarda da piştaxtalara sahib olacaq və min-bir əziyyətlə becərilib, eləcə də əziyyətlə şəhərə gəlib çıxan məhsula özlərinə sərf edən qiymət təyin edəcəklər. Yarmarkanın əsl mahiyyəti kəndlinin öz məhsulu ilə orada təmsil olunması, becərdiyi məhsulu özünün satmasıdır. Hamımız da bilirik ki, qiymət o zaman bahalaşır ki, məhsul ikinci, üçüncü “əldən” keçir. Əsl yarmarka təşkil etmək istəyirlərsə, ilk növbədə fermerin kənddən şəhərə gəlişini təmin etməli və onun yarmarkada öz məhsulunu satmasına şərait yaratmalıdırlar.