Şadlıq sarayları qiymətləri niyə qaldırmalıdır ki?

"Bu, biznes adamlarının, sahibkarların, iş adamlarının spekulyasiyasıdır"


1 il 3 aydan sonra nəhayət ki, ölkəmizdə toyların keçirilməsinə icazə verildi. Belə ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verdi. Toy, nişan və ad günlərinin keçirilməsinə icazənin verilməsi şadlıq evləri və restoran işlədənlərin də üzünü güldürüb.  İndi toy etmək arzusunda olanlar isə sözün əsl mənasında sıraya düzülüblər.

Qeyd edək ki, şadlıq evləri daxilində hazırlıqlar artıq yekunlaşıb, stol və stullar pandemiya şəraitinə uyğun yerləşdirilib. Artıq menyuların qiymətləri də hazırdır. Say məhdudiyyəti və qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin xeyli artmasına səbəb olub. Şadlıq sarayının sahibləri bildirir ki, yalnız menyulardakı yemək çeşidlərinin sayının azaldılması ilə əvvəlki qiymətlərlə toy etmək mümkündür. Şadlıq evləri ilə müqayisədə açıq hava məkanlarında toy qiymətləri isə nisbətən ucuzdur.

İqtisadçı-ekspert Pərviz Heydərov şadlıq saraylarında qiymətlərin xeyli artmasının səbəbləri barədə danışıb.  Ekspert hesab edir ki, yeni sezonda toyların 50-150 nəfərlə keçiriləcəyi təqdirdə qiymətlərə təsir edəcəyi haqqında iddia sürmək serkulyasiyadan başqa bir şey deyil:

"Bu, biznes adamlarının, sahibkarların, iş adamlarının spekulyasiyasıdır. Onlar reallıqdan çox-çox uzaq mövqe nümayiş etdirirlər. Bilirsiniz ki, bu sahədə xidmət çeşidi olduqca genişdir. Müxtəliflik özünü daha geniş şəkildə göstərir.

Ona görə də qiymətlərdə rəqabət amili önə çıxmalıdır. Bu günləri Bakıda mindən çox şadlıq sarayı var. Amma bunlar arasında real rəqabətin nədən ibarət olduğunu adi sıravi vətəndaşlar əyani şəkildə ayırd edə bilmir. Bu özü də qiymətlərin şişirdilmiş bir formada meydana gəlməsinə və formalaşmasına şərait yaradırdı.

Hesab edirəm ki, bundan sonra bu sahədə sahibkarlar fəaliyyətlərini daha çox tələb və təklifin nisbəti əsasında quracaqlar. Yəni onlar fəaliyyətlərini real şəraitə uyğun qurmalıdırlar. Artıq pandemiyaya qədər olan dövrdəki kimi köhnə biznes qaydalarına yenidən  davam etmək və bərpa eləmək  mümkün deyil.

Bunun da toyda iştirak edəcək adamların sayı ilə əlaqələndirilməsi qətiyyən düzgün deyil".