Böyük gəlirlər götürəcəyik

Azərbaycan nəqliyyat-logistika mərkəzinə çevrilir

Ölkənin qeyri-neft sektorunun inkişafı əsas prioritet sahələrdəndir


Çin Azərbaycan ərazisindən tranzitlə Niderlanda yük daşımağı planlaşdırır. Bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib. O bildirib ki, son bir neçə il ərzində liman Avropanın iri limanları ilə əməkdaşlığı genişləndirib, bu yaxınlarda isə “Trammo Inc” və Batumi gübrə terminalının sahibi “Wondernet Express Investment Group” şirkətləri ilə anlaşma memorandumu imzalayıb: “Avropada əməkdaşlıq etdiyimiz iri limanlara Venlo, Antverpen və digər limanlar daxildir.

Gələcəkdə Çin Venlo limanına blok-qatarlarla yük daşımağı planlaşdırır ki, bu qatarlar da tranzitlə bizim limandan keçəcək”. Departament rəhbəri əlavə edib ki, Bakı limanında reallaşdırılması planlaşdırılan iri layihələr ortamüddətli perspektivdə limanın inkişafını sürətləndirəcək, dayanıqlığını və tranzit potensialını, eləcə də beynəlxalq təşkilatların etimadını artıracaq.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlama verib. O qeyd edib ki, Azərbaycanın ən çox investisiya yatırdığı sahələrindən biri də nəqliyyat sektorudur:

"Bu günləri ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı əsas prioritet sahələrdəndir. Son illər birinci növbədə nəqliyyat infrastrukturunun inkişafı üçün daha çox işlər görülüb. Yəni yeni dəmiryolları çəkilib, həmçinin mövcud dəmiryolları müasirləşdirilib və  yenilənib. Bundan başqa isə altı beynəlxalq hava limanı tikilib və fəaliyyətə başlayıb. Həmçinin, Ələtdə beynəlxalq dəniz limanı inşa olunub. Bütün bunlar Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsindən yararlanaraq prioritet kimi nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməyə xidmət edir. Habelə, gələcəkdə qeyri-neft sektorunun əlavə sahəsi kimi bundan gəlir götürmək, yəni tranzit əldə etməkdir. Təbii ki, bu işlər nəticəsində Azərbaycan kənar dövlətlərin də maraqlarını təmin edəcək". 

P.Heydərov qeyd edib ki,  Azərbaycan öz üzərində şimal-cənub, şərq-qərb, eyni zamanda əks istiqamətləri cəmləşdirib ki, bununla da artıq koridora, dəhlizə çevirməyə  çoxdan nail olub:

" Bilirsiniz ki, bir neçə gün bundan əvvəl Finlandiyadan yüklənən dəmiryolu vaqonu artıq Azərbaycana daxil olub və burdan da Hindistana yola düşəcək. Bu, şimal-cənub dəhlizinin bir növ açılışı demək idi. Düzdür, bu, pilot xarakteri daşıyırdı. Amma bundan sonra bu reyslər mütəmadi olacaq. Bütün bunlar addım-addım nəhəng dövlətlərdən tutmuş  əsas region ölkələrə qədər Azərbaycanı mühüm bir nəqliyyat dəhlizi kimi  reallığa çevrildiyini təsdiq edir. Bununla da Azərbaycan böyük məbləğdə tranzit gəlirləri əldə edəcək ki, bu da ölkədə qeyri-neft sektorunun inkişafı üçün əlavə təkan rolunu oynayacaq".