Dolların möhkəmlənməsi neft bazarına təsir edir

Amma istənilən halda prioritet neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır

OPEC+ alyansının ötəngünkü iclasında yenidən qarışıq qərarlarla günü bitirməsi və qeyri-müəyyənlik neftin qiymətlərini yenidən təzyiq altına salıb. Fyuçerslər üzrə satılan neftlərin qiymətləri startdaca ucuzlaşmağa başlayıb. Ötən gün axşam keçirilən hərraclar zamanı “Brent” markalı neftin sentyabr fyüçersləri 1,94 faiz ucuzlaşaraq 75,66 ABŞ dollarından, “WTI” markalı neftin avqust fyuçersləri isə 0,86 faiz ucuzlaşaraq 74,51 dollardan satılıb. Hərrac zamanı həmin markaların qiyməti müvafiq olaraq 75,45-77,83 dollar və 74,2-76,98 dollar arasında dəyişib. Ekspertlər arasında qarşıdakı dövrdə neftin 100 dollara və daha baha qiymətə satılacağını düşünənlər var.

Digər tərəfdən isə qiymətlərin ifrat dərəcədə artması nəticəsində tələbatın kəskin azalacağını, bununla da bazardakı qiymətlərin nisbətən normal səviyyəyə qayıdacağını bildirənlər var. Bununla yanaşı, OPEC+ formatının dağılacağını, iştirakçı ölkələrin neft hasilatı və ixracatı məsələlərini özbaşına həll etməyə başlayacağı fikri də irəli sürülür. İqtisadiyyatın dirçəldiyi bir vaxtda neftin bahalaşmasının kəskin inflyasiyaya səbəb ola biləcəyi, neftə tələbatın səngiyəcəyi də qeyd olunur. İnkişaf etmiş ölkələrin OPEC+ formatının iştirakçı ölkələrinə qarşı hasilatı artırmaları üçün təzyiqlər göstərəcəyi istisna edilmir.

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov vurğulayıb ki, "OPEC+ Alyansında müşahidə edilən bu kimi fikir ayrılıqları neftin qiymətinə təsirsiz ötüşməyib:

"Bu həftəyə hər bareli üçün 77 dollar qiyməti ilə start verən Brent markalı neftin qiyməti 73 dollaradək azalıb. Bu, neftin qiymətində son 3 gündə 5 faizdən çox azalma deməkdir. Digər tərəfdən, ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi də strateji məhsulların, o cümlədən neftin qiymətinə təsir göstərir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Möhkəm dollar da neft bazarına təsir etməkdədir". 

V.Bayramlı bildirib ki, OPEC+ Alyansının gələcək taleyi neftin qiymətinin dəyişməsinə birbaşa təsir edəcək. Doğrudur, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyrinə işləyən mövsümi faktorlardandır. Amma bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir.

Deputat vurğulayıb ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımından vacibdir:

"Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır".