80 faizədək ucuzlaşma gözlənilir

Avropa İttifaqı öz vətəndaşları üçün 2009-cu ildən bu problemi həll edib, 27 ölkədə rouminqi sıfırlayıb

Azərbaycan "Şərq Tərəfdaşlığı" təşəbbüsünə qoşulan ölkələrlə regional rouminq sazişi imzalayacaq. Bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazirlik uzun illərdir həm "Şərq Tərəfdaşlığı" ölkələri, həm də Avropa İttifaqı (Aİ) ölkələrinin telekommunikasiya tənzimləyiciləri ilə sıx əməkdaşlıq edir. Bu sazişdən sonda Gürcüstan, Ukrayna, Belarus və Moldovaya səfər edən vətəndaşlarımızın rouminq xərcləri maksimum dərəcədə azalacaq.

 Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz "Şərq"ə açıqlama verib:

"Məlumat üçün deyim ki, uzun illərdir ki, Avropanın “EU4Digital” təşəbbüsü çərçivəsində buna hazırlıq getməsinə baxmayaraq indiyədək razılıq əldə etmək mümkün olmayıb. Xatırlayıram ki, prosesin 2020-ci ildə bitməsi gözlənilirdi. Bununla bağlı çoxlu maneçiliklər və maraq toqquşmaları var. Ölkələrin müxtəlif qanunvericilik bazalarına sahib olması, sektorda müxtəlif səlahiyyətlərə malik tənzimləyicilər olması, bəzilərində isə ümumiyyətlə tənzimləyici qurumun olmaması bu məsələnin həllini ləngidən amillərdən olub. Əgər NRYTN rəsmiləri açıqlama veriblərsə ki, cari ildə regional rouminq sazişi imzalanacaq, demək, buradan belə qənaətə gəlmək olar ki , Azərbaycanda telekommunikasiya üzrə müstəqil tənzimləyici qurumun formalaşmasına lap az qalıb. Çünki adıçəkilən razılaşmanın gerçəkləşməsi üçün Avropada sahə üzrə mövcud qaydalar ölkələr qarşısında müəyyən vəzifələr qoyub və onlardan ən əsası da məhz müstəqil tənzimləyici qurumun yaradılmasıdır".

 Ekspertin sözlərinə görə, Azərbaycanda, baxmayaraq ki, Starteji Yol Xəritəsində 2020-ci ilin sonu yaradılması nəzərdə tutulmuşdu, hələlik tənzimləyici qurum yoxdur və onun səlahiyyətlərini elə NRYTN həyata keçirir: "Xatırlayıram ki, Prezident tərəfindən NRYTN-ə nazir təyinatı zamanı da sektorda əsas həllini gözləyən məsələlərdən birinin də tənzimləmə olduğu bildirilmişdi. İndi NRYTN-in açıqlamasından görünür ki, ölkədə telekommunikasiya sektorunda fəaliyyət göstərəcək müstəqil tənzimləyici qurumun yaradılmasına çox az qalıb. Beynəlxalq təcrübədə tənzimləyici qurumun müstəqil olması, bazar subyektlərindən asılı olmaması, rəhbərinin və ya üzvlərinin Prezident tərəfindən təyin edilməsi daha uğurlu variant hesab olunur. Vətəndaşlar rouminq razılaşmasından nə qazanacaq ? Məlumdur ki, azərbaycanlılar xaricə, hətta qonşu ölkələrə səfər edərkən yüksək rouminq tarifləri ilə üzləşirlər. Adətən başqa ölkəyə səfər edənlər rouminqin hədsiz bahalı olması ucbatından zəruri informasiya münasibətləri qura bilmir, telefonu elə hava limanındaca söndürür. Xüsusən də hədsiz baha olduğundan, indiki zamanda çox vacib olan data (fayl, şəkil, video və s.) ötürülməsindən imtina olunur və ya bu ölkənin mobil nömrəsini almaqla qismən də olsa informasiya tələbatını ödəməyə çalışır. Sazişin imzalanması ilə 6 ölkə arasında mobil rabitədə həm səs, həm SMS, həm də mobil data xidmətlərində rouminqin ləğvi və ya endirilmsi nəzərdə tutulur. Bu saziş daha effektiv informasiya münasibətlərinə imkan verəcək. Qeyd edim ki, ucuz rouminq tariflərinin 2022-ci ildən qüvvəyə minməsi gözlənilir".

O. Gündüz qeyd edib ki, ümumiyyətlə isə 80 faizədək ucuzlaşma gözlənilir:

"Yeri gəlmişkən, Avropa İttifaqı öz vətəndaşları üçün 2009-cu ildən bu problemi həll edib, 27 ölkədə rouminqi sıfırlayıb. Aİ-nin digər ölkələrlə də rouminiq razılaşmasını nəzərdə tutan “Evdəki kimi rouminq” razılaşması 2017-ci ildə qüvvəyə minib. 2019-cu ilin fevralında "Şərq Tərəfdaşlığı" ölkələri və Avropa İttifaqına üzv ölkələr arasında vahid beynəlxalq rouminq məkanının yaradılması imkanının tədqiqinə dair razılığa gəlinib. Yəni "Şərq Tərəfdaşlığı" ölkələri öz aralarında rouminq problemini həll edə bilsələr, gələcəkdə Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələri arasında da sərfəli şərtlərlə rouminq xidmətləri təklif edilməsi gözlənilir".