Əhalinin nominal gəlirləri artmayıb

İnflyasiyanın mövcud olması əhalinin real gəlirlərinin düşməsinə təsir edən ən önəmli faktorlardandır


Dövlət Statistika Komitəsi məlumat verib ki, Azərbaycanda 2021-ci ilin ilk yarımilində əhalinin nominal gəlirlərinin həcmi hələ də öncəki ili üstələyə bilməyib. 2021-ci ilin yanvar-iyun ayları ərzində əhalinin nominal gəlirləri 22.09 milyard manat təşkil edib. Bu isə son illik müqayisədə 0.8 faiz aşağı göstəricidir. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2 207.1 manat olub. Bu isə illik müqayisədə 1.3 faiz azalma deməkdir. 2021-ci il 1 may vəziyyətinə ölkədə əhalinin sayı 10 milyon 133.1 min nəfər olub, bu da 0.5 faiz illik artım deməkdir.Yəni ölkədə əhali artır, amma nominal gəlirlər düşür. 


Mövzu ilə bağlı iqtisadçı-ekspert Elmir Səfərli "Şərq"ə açıqlama verib. Ekspert deyib ki, Statistika Komitəsinin verdiyi statistik rəqəmlər əhalinin sadəcə nominal gəlirləri üzərinə verilmiş açıqlamadır:

"Bir də bunun real gəlirlər tərəfi mövcuddur. Düşünürəm ki, real gəlirlərin statistikası açıqlansa görərik ki, burada azalma faiz nisbətində öncəki illərlə müqayisədə daha çoxdur. Bunun bir çox səbəbləri mövcuddur. Belə ki, ölkə səviyyəsində inflyasiya mövcuddur. Və inflyasiyanın mövcud olması əhalinin real gəlirlərinin düşməsinə təsir edən ən önəmli faktorlardandır. Digər tərəfdən son iki ilə yaxındır başlamış pandemiya da iqtisadiyyatın zəifləməsinə, bu isə öz növbəsində nominal və real gəlirlərin düşməsinə səbəb olub. Hələ nəzərə almaq lazımdır ki, əhalinin gəlirlərinin müəyyən hissəsini tənzimləmək üçün dövlət büdcəsindən vəsait ayrılıb". 

E.Səfərli vurğulayıb ki, dövlət dəstəyi olmasaydı, biz daha çox azalmaların şahidi olardıq:

"Bu istiqamətdə dövlətin apardığı sosial, iqtisadi dəstək proqramları, pensiya təminatının yaxşılaşdırılması, dövlət büdcəsindən ayrılan əməkhaqqıların artırılması və s. öz növbəsində əhalinin gəlirlərində olan azalmaların müəyyən qismini kompensasiya edib. Düşünürəm ki, ölkə səviyyəsində investisiyaların həcmi durmadan artırılmalıdır. Bu istiqamətdə dövlət xüsusi təşviqat proqamları hazırlamalı və investorlar üçün nəzərdə tutulmuş güzəştlərin sayını artırmalıdır".