Tenderdə iştirak edən şirkətlərin maraqları nəzərə alındı

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Qanuna dəyişikliklərin sahibkarlar üçün böyük üstünlükləri olacaq

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 22 iyun 2021-ci il tarixindən qüvvəyə minib. “Dövlət satınalmaları haqqında” Qanuna edilən dəyişikliklər sahibkarların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılmasına, onlar arasında sağlam rəqabətin artmasına, dövlət vəsaitindən səmərəli və qənaətli istifadə edilməsinə daha geniş imkanlar yaradacaq. Qanuna edilmiş dəyişikliklər kotirovka sorğusu və təkliflər sorğusu metodlarının təşkili üzrə müddətlərin konkret müəyyən edilməsi, ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun, həmçinin tender təkliflərinin açılması və qiymətləndirilməsi müddətinin dəqiqləşdirilməsi, tender təklifinin kənarlaşdırılmasına dair əsaslandırılmış qərarın malgöndərənə (podratçıya) göndərilməsi, müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr barədə bildirişin göndərilməsi müddətləri, kotirovka sorğusu metodunun, texniki şərtlərin və icazələrin elektronlaşması, müqavilənin yerinə yetirilməsi təminatının şərtləri, satınalmalarda iştirak haqlarının məbləğlərinin azaldılması məsələlərini əhatə edir. Bundan başqa, dəyişikliklərə əsasən, satınalan təşkilatlar tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq müddətin və satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulub.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında dövlət satınalmalarının, eyni zamanda tenderlərin təkmilləşdirilməsinin və şəffaflığın daha da artırılmasının çox vacib olduğunu bildirib. Deputat vurğulayıb ki, o baxımdan “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklərin edilməsinin əsas məqsədi həm şəffaflığın gücləndirilməsi, həm də bu istiqamətdə səmərəli tenderlərin təşkil edilməsinə nail olmaqdır: "Reallıq bundan ibarətdir ki, bir mənbədən satınalma yolu ilə tenderlərin sayı yenə də çox olaraq qalmaqdadır. Amma təbii ki, əsas hədəf rəqabətli tenderlərin sayını artırmaq və bununla da, xüsusən kiçik və orta sahibkarların tenderlərdə iştirakının daha yaxından təmin edilməsinə nail olmaqdır. Dəyişikliklər prosedur olaraq həm sadələşdirilməyə, həm də şəffaflığın artırılmasına xidmət edir. Qeyd edim ki, dəyişiliklərdə xüsusən elektron portal vasitəsilə elanların verilməsi və eyni zamanda prosesin elektronlaşması ilə bağlı fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulub. Amma bununla belə nəzərə almaq lazımdır ki, “Dövlət satınalmaları haqqında” yeni qanunun hazırlanması prosesi gedir. Burda da əsas məqsəd bütövlükdə dövlət satınalmalarının, eləcə də tenderlərdə şəffaflığın daha da genişləndirilməsinə nail olmaqdır. Çünki nəzərə alsaq ki, dövlət satınalmaları yolu ilə dövlət vəsaitləri hesabına infrastruktur layihələrinin, eləcə də digər işlərin həyata keçirilməsi reallaşır. Ona görə də bu prosesin şəffaf olması çox əhəmiyyətlidir. Ancaq bu istiqamətdə işlərin daha da dərinləşdirilməsinə ehtiyac var. O baxımdan gözlənilir ki, bütövlükdə konseptual və fundamental olaraq şəffaflığın gücləndirilməsi bu istiqamətdə yeni qanunverici bazanın təkmilləşməsi və yeni yanaşmaların tətbiq edilməsi həyata keçiriləcək".

İqtisadçı-ekspert Natiq Cəfərli isə "Şərq"ə açıqlamasında qeyd edib ki, “Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliklərin sahibkarlar üçün bir çox üstünlükləri olacaq:

"Qanuna edilən dəyişikliyə əsasən, gələcəkdə tenderlərdə iştirak zamanı sənədlər daha da sadələşdiriləcək. Həmçinin, iştirak payı azaldılacaq. Yəni əvvəlcədən tenderdə iştirak edən şirkətlərin geri dönüşü olmurdu. Yəni onlar udsalar da, uduzsalar da ödəniş etməli idilər. Artıq o ödənişlərdə də azalmalar müşahidə olunacaq və həmin şirkətlərin təcrübəsinə baxılacaq. Yeni qaydalara tam əməl olunsa, təbii ki, kiçik və orta sahibkarlıq üçün tenderlərdə iştirak daha da asanlaşa bilər. Nəticə etibarilə tenderlərdə bu günə qədər olan problemlər, qeyri-şəffaflıq və digər məsələlər aradan qalxa bilər. Ona görə də, ümid edək ki, bu qərar nazirliklər və dövlət idarələri tərəfindən doğru-dürüst yerinə yetiriləcək. Çünki tenderlər və dövlət satınalmalarının qeyri-şəffaflığın olması kifayət qədər ciddi problemdir və korrupsiya şübhələri yarada biləcək bir məsələdir. Bu qərardan sonra müsbətə doğru irəliləyişlərin olması ehtimalı kifayət qədər yüksəkdir".

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur