Azərbaycan, İran, Türkiyə və Rusiya regional bazarı yaradılır

Razılaşma baş tutsa, bunun ən çox səmərəsini ölkəmiz görəcək

Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazarın yaradılması barədə razılıq əldə edib. Bunu İranın İnformasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib. O bildirib ki, regional bazarlar ticari-iqtisadi münasibətlərdə əsas rol oynayır. Nazir qeyd edib ki, İran tərəfi ümumi regional bazarın və hüquqi normaların hazırlanması və yaradılması üçün böyük səylər göstərib: “Bu işlər bizim Rusiya, Türkiyə və Azərbaycanla əməkdaşlığımızın nəticəsi olub və bununla əlaqədar müvafiq memorandumlar imzalanıb”.

Onun sözlərinə görə, vahid regional bazarın yaradılması məqsədilə Hindistan, Azərbaycan, Türkiyə və Rusiya ilə danışıqlar davam edir: “Bu layihə çərçivəsində Bakı və Tehranda üç iclas keçirilib. İclasların yekunlarına əsasən, ümumi regional bazarın yaradılması üçün əməkdaşlıq barədə saziş imzalanıb”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlamasında deyib ki, regional bazar kənar ölkələrin gəlib buradan alış-veriş etməsi, həmin ölkələr arasında qarşılıqlı iqtisadi-ticari münasibətlərin genişlənməsi üçün çox mühüm vasitədir: "Regionda belə bir bazar təşkil olunarsa və məkanı müəyyən edilərsə, onun region üçün çox mühüm əhəmiyyəti olacaq. Hesab edirəm ki, məkan kimi ən optimal variant Azərbaycanın özü də ola bilər. Çünki Ələtdə Azad İqtisadi Zona var. Nəqliyyat infrastrukturumuz çox yüksək səviyyədə modernləşdirilib. Bundan başqa, Azərbaycanda hər cür bu və ya digər alış-verişin həyata keçirilməsi üçün tələb olunan infrastruktur mövcuddur. Hesab edirəm ki, belə bir razılaşmadan sonra bunun ən çox səmərəsini İrandan, Rusiyadan, Türkiyədən çox ölkəmiz görəcək".