Kartofun qiyməti yenə bahalaşacaq


Nadir xəstəliyin səbəbini hələ mütəxəssislər də bilmir

Tovuz rayonunda əkilmiş kartofa nadir xəstəlik düşüb. Bu barədə yerli fermerlər məlumat verib. Onların sözlərinə görə, bu il məhsulun 30-40 faizi xəstəliyə görə xarab olub. Demək olar ki, bu ərazilərdə kartof əkənlərin 80 faizi bu problemlə rastlaşıb. Əvvəlki mövsümlərdə müşahidə edilməmiş bu xəstəlik kartofun bir hissəsini qaraldaraq çürüdür və tullantıya çevirir. Kartofda olan bu xəstəliyin səbəbi hələlik dəqiq bilinmir. Hətta bu barədə mütəxəssislər də dəqiq məlumat verə bilmr.

Ancaq bəzi fermerlər isə hesab edir ki, xəstəliyin səbəbi kartof sahələrinə ziyanverici həşəratlara qarşı verilən dərmanların keyfiyyətsiz olmasıdır. Bildirilib ki, xarab olmuş kartofu mal-qaraya yem olaraq verilməsi məqsədi ilə 5-6 qəpiyə satmaq istəsələr də, alan tapılmır. Odur ki, sahibkarlar sona çatmaqda olan kartof mövsümünü demək olar ki, ziyanla başa vurublar. Qeyd edək ki, xəstəlik Tovuzun aran torpaqları olan Düz Qırıqlı, Quşçu, Dönük Qırıqlı kəndlərində və Qovlar şəhəri ərazisində əkilmiş kartofların əksər hissəsinə düşüb. Dağ kəndlərində isə kartof yığımına başlanılmayıb.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev deyib ki, kartofun xarab olması gələcəkdə onun qiymətinin artmasına səbəb ola bilər:

"Hazırda kartofun qiyməti ötən illə müqayisədə yenə də bahadır. Təbii ki, bu hadisə də onun qiymətinə təsirsiz ötüşməyəcək. Qeyd edim ki, keçən il kartofun qiyməti 20-30 qəpik arasında dəyişirdi. İndi isə bu qiymət 60-80 qəpikdir. Bu o deməkdir ki, ölkədə kartof qıtlığı var. Bunun getdikcə daha da artacağı hiss olunur.

Ola bilər ki, Kənd Təsərrüfatı Nazirliyi çiyələkdə olduğu kimi bunu kəndlinin gəlirinin çox olduğu kimi qeyd edəcək. Amma məsələ burasındadır ki, bu sahədə inhisarçılıq mövcuddur. Yəni sahibkar məhsulu bazara salmaq üçün kimlərinsə əlinin altından keçməlidir. Əks halda məhsulunu hər hansısa küçədə satmalı olacaq.

Təbii ki, burada istisnalar olur. Bəzən məhsulun bazara daxil olmasına icazə verilir, yəni faiz hesabı ilə desək, 20-30 faiz. Ancaq qiymət satışında elədə fərq olmur və standart qiymətlər olur. Bəzən isə ara sıra fərq olur. Bu o deməkdir ki, bazar rəqabət yox, inhisarçılıq baxımından idarə olunur. Yerli məhsulların satışı da bəzən xaricdən gətirilən kartofdan baha olur ki, bu da inhisarçılıqla əlaqəlidir".

R.Qarayev vurğulayıb ki, ən önəmli məsələlərdən biri su qıtlığının həll olunmamasıdır:

"Təbii ki, məhsulun maya dəyərinin yüksək olmasına bu amil də öz təsirini göstərir. Bundan əlavə, ölkəmizdə soyuducu saxlama tədarük mərkəzləri azdır. Hətta onun yaradılması baha başa gəldiyindən məhsulların zay olmasına da gətirib çıxarır. Nəticədə sahibkarın məhsulu var, amma onu saxlamağa yeri yoxdur. Belə şəraitdə isə məhsulu bazara çıxarmaq ona sərf etmir. Bu baxımdan da havaların soyuq olmasına ümid edilərək gözləyir. Lakin nəticədə məhsul zay olur və bu da sonda bazarda qiymət artımına gətirib çıxarır.

Təbii ki, məhsula xəstəliyin düşməsi və bu səbəbdən zay olması ciddi amillərdən xəbər verir. Bu da gələcəkdə bazarlarda kəskin qiymət artımına səbəb olur".