Bu il dövriyyə 82 milyon dolları keçib


Son dövrlər Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur

Ötən gün Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyindən bildiriblər ki, Özbəkistanda Azərbaycan kapitalı ilə 195 müəssisə fəaliyyət göstərir, bunlardan 69-u birgə müəssisədir. Qeyd olunub ki, Azərbaycandan Özbəkistana əsas kapitala cəlb olunmuş birbaşa investisiyaların həcmi 320 min dollardan çox təşkil edib. Nazirlikdən bildiriblər ki, 2020-ci ildə Azərbaycandan Özbəkistana xidmət və malların idxalı 2019-cu illə müqayisədə 36 faiz artıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan idxal 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlama verib. O bildirib ki, son dövrlər Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur:

"2020-ci ildə pandemiya olmasına baxmayaraq Özbəkistanla Azərbaycan ticarət dövriyyəsi 2019-cu ilə nisbətən artaraq 82 milyon dollardan çox olub. Eyni zamanda, son üç ildə iki ölkə arasında ticarət dövriyyəsi də iki dəfə artıb. Bu isə ondan xəbər verir ki, ölkələr arasında birbaşa xarici investisiya qoyuluşlarında artımlar var. Özbəkistan şirkətləri Azərbaycanda həm xidmət, həm ictimai iaşə, xüsusən də qeyri-neft sektorunda fəaliyyət göstərir. Nəticədə iki ölkə arasında ticarət dövriyyəsi genişlənir. Həmçinin, iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarının artmasını da müşahidə edirik. Bu da nəticə etibarı ilə ölkələrin iqtisadi münasibətlərinin  genişləndirilməsinə xidmət edir. Azərbaycan da Özbəkistan və Orta Asiyaya investisiya qoyuluşunda maraqlı ölkədir. Həmçinin, ölkəmiz də Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir. Bu da ondan xəbər verir ki, Azərbaycan və Özbəkistan arasında artan dinamika ilə inkişaf edən ticarət dövriyyəsi, eləcə də qarışıq investisiya qoyuluşları növbəti illərdə daha da artacaq".