"Kadr dəyişikliyi "SOCAR"ı yerindən tərpətməyəcək

Nazim Bəydəmirli: "SOCAR şəffaf fəaliyyət göstərmədiyinə görə, illər boyu dövlət büdcəsindən datasiya alıb"

Xəbər verdiyimiz kimi, ötən gün SOCAR-a iki yeni vitse-prezident təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunublar. Bundan əlavə, ölkə başçısı “Dövlət Neft Şirkətinin (SOCAR) strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanına dəyişiklik edib. Fərmana əsasən Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin birinci vitse-prezidentindən və 12 vitse-prezidentdən ibarət olacaq. Ümumilikdə 14 nəfər rəhbərlikdə təmsil olunacaq. Son təyinatdan sonra SOCAR-da İdarət Heyəti üzvlərinin sayı 11 nəfərdir. Şirkətin rəhbəri Rövnəq Abdullayev, birinci vitse-prezident isə Xoşbəxt Yusifzadədir. Digər 9 nəfər SOCAR-da vitse-prezident vəzifəsini tutur. Hazırda üç vitse-prezident postu boş qalır. Bəs görəsən, yeni təyinatlar işin səmərəliyinə necə təsir edəcək?

Kadrların dəyişməsinin Azərbaycanda hər hansı bir köklü dəyişikliyə gətirib çıxarmadığını deyən iqtisadçı-alim Nazim Baydəmirli “Şərq”ə açıqlamasında vurğulayıb ki, köklü dəyişikliklərin olması üçün sistem dəyişiklikləri aparılmalıdır:

"SOCAR adı gələndə gözlər önünə ciddi korrupsiya və ciddi dövlət vəsaitlərinin mənimsənilməsi gəlir. Həmçinin, Hesablama Palatasının son hesabatlarında son ilin 1 milyard 700 milyon ziyanla bağlanması yada düşür. Ümumiyyətlə, SOCAR-ın idarə etməsində regionçuluğun, qohumbazlığın olması diqqət çəkir. Hesab edirdim ki, bu idarəetmədə vitse-prezidentlərin sayı təqribən 3 dəfə azaldılacaq. Lakin çox təəssüf edirəm ki, hökumət daha pis yolu seçir və bürokratik aparatın çox qalması yenə də həmin məqsədlərdən xəbər verir. Eyni zamanda, Azərbaycan daxilində avro dizelin istehsal olunmaması, Aİ-95 və Aİ-98 markalı benzinin istehsal olmaması bir daha onu sübut edir ki, illər boyu xam neftin satılması ilə bağlı addımlar atılıb. Yəni asan yolla gəlirlər əldə olunub və onlar da səmərəsiz xərclənib". 

İqtisadçı-ekspert qeyd edib ki, SOCAR  BP, "Statoil", "Total" və digər xarici şirkətlər kimi şəffaf fəaliyyət göstərmədiyinə görə, illər boyu dövlət büdcəsindən datasiya alıb:

"Monopolist mövqedə olan belə bir şirkət əslində daha çox gəlirlər əldə etməli və iqtisadiyyata daha çox qatqısı olmalı idi. Kadr dəyişikliyi ilə  hər hansı bir məsələnin həll olunmasına inanmıram. Bu mənada pessimistəm. Köklü dəyişikliklərin olması üçün sistem dəyişiklikləri aparmaq lazımdır".