280 günlük taxıl ehtiyacımız həmişə saxlanılır

Rusiyada taxıl istehsalının azalması Azərbaycana təsirsiz ötüşməyəcək

ABŞ Kənd Təsərrüfatı Nazirliyi, planetimizi təhdid edən hava fəlakətləri fonunda bütün dünyada taxıl yığımı ilə bağlı proqnozları kəskin şəkildə aşağı salıb. Agentliyin açıqladığı aylıq hesabata görə, ən böyük istehsalçılardan biri olan Rusiyada məhsul yığımı ilkin təxminlərdən 15 faiz və ya 12,5 milyon ton aşağı - 72,5 milyon ton olacaq. Əvvəlki proqnoz 85 milyon ton idi. "SovEkon" Analitik Mərkəzinin rəhbəri Andrey Sizov qeyd edir ki, uzun illərdir ki, Rusiya üçün reytinqlərdə bu qədər kəskin azalma olmayıb. Sizovun sözlərinə görə, əlverişsiz hava istehsalın azalmasına səbəb olur: "Çox isti hava, xüsusilə Tatarıstan, Başqırdıstan və Orenburq kimi böyük istehsal bölgələrində yaz və qismən payızlıq buğdanın məhsuldarlığına mənfi təsir göstərib". Rusiyanın buğda istehsalında kəskin azalması Azərbaycana necə təsir göstərəcək?

Dünyada taxılın qiymətində ciddi artımın, o cümlədən qıtlığın olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərlə "Şərq"ə açıqlamasında bildirib ki, bu da birjalarda taxılın qiymətlərinin kəskin artmasına səbəb olub. Onun sözlərinə görə, Rusiyanın buğda istehsalının kəskin azalması Azərbaycana təsirsiz ötüşməyəcək:


"Çünki Azərbaycan un məmulatları üçün lazım olan taxılın təqribən 60-65 faizini, bəzi aylarda isə yarısını xaricdən alır. Bura əsasən Rusiya, Qazaxıstan, Ukrayna bazarları daxildir. Düzdür, Azərbaycanın taxıl anbarları da var. Yəni taxıl strateji məhsul olduğundan təqribən ölkəmizdə 280 günlük taxıl ehtiyatı həmişə saxlanılır. Amma buna baxmayaraq xaricdən asılılığımızda kifayət qədər ciddidir. Əsas bazarımız Rusiya və Qazaxıstan olduğundan orda qiymət artımı Azərbaycana da ciddi təsir edir və bunun təsiri olmaması mümkün də deyil. Azərbaycanda təəssüf ki, taxılçılıqla bağlı problemlər uzun illərdir həll edilmir. Həm keyfiyyəti, həm məhsuldarlıq baxımından qonşu ölkələrdən geridə qalırıq. Bizim ölkədə istehsal olunan taxıldan un məmulatları almaq çətin olur və ona görə də mütləq xaricdən alınan taxılla qarışdırılır. İlk növbədə biz həm məhsuldarlıqla bağlı, həm də keyfiyyətli taxıl toxumlarının alınması seleksiya üzrə işləri sürətləndirilməliyik ki, özümüz-özümüzü təmin edək. Təbii ki, Azərbaycanın indiki reallığında bu mümkündür. Çünki işğal altında azad olunmuş torpaqlarımızın kənd təsərrüfatına qatqısı üçün kifayət qədər ciddi potensialı var. Amma hələlik bu il və gələn il üçün taxıl qiymətlərinin yüksəlişi gözlənilir. Azərbaycanda da taxılın və un məmulatlarının qiymətinin yüksəlməsi də çox böyük ehtimaldır".

Çörəyin qiymətinə gəldikdə, ekspert deyib ki, çörək strateji məhsul olduğundan çox zaman Azərbaycanda çörəyin çəkisi aşağı salınır və qiymət yerində saxlanılır:

"Çox güman ki, indi də buna bənzər bir addımların şahidi ola bilərik. Yəni çörəyin qiyməti ilkin anlarda qalxmaya bilər, ancaq çəkisi aşağı düşəcək. Çəkinin aşağı düşməsi isə elə qiymətin bahalaşması deməkdir".