İşğaldan azad edilmiş bölgələrimiz dirçəlir

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Kəlbəcərin əlverişli təbiəti arıçılıq təsərrüfatını inkişaf etdirməyə imkan verir

Azərbaycanda olan arı növlərinin istehsal etdiyi bal həmişə yüksək keyfiyyəti ilə fərqlənib. Buna görə də ötən əsrin əvvəllərində Azərbaycanın arı növləri damazlıq üçün Amerikaya aparılırdı. Məlumat üçün bildirək ki, hazırda ABŞ dünyada bal istehsalına görə lider ölkələrdəndir. Tarixi mənbələrdən məlumdur ki, hələ eramızdan əvvəl VIII-IX əsrlərdə Cənubi Qafqazda arıçılıqla məşğul olublar.


Azərbaycanda da arıçılıq qədim tarixə malikdir. X-XII əsrlərdə burada arıçılıq daha da inkişaf edib. Hətta həmin dövrdə Azərbaycandan xarici ölkələrə arıçılıq məhsulları (bal, mum) ixrac olunub. Qədim zamanlarda arılar ağac oyuqlarında, kötük təknələrdə, səbətlərdə saxlanılırdı. Belə bir vəziyyətdə arılara qulluq etmək və onları artırmaq çətinlik törədirdi. Tədricən dünyada olduğu kimi, Azərbaycanda da arıçılığın inkişafında mütərəqqi üsullardan istifadə edildi. Bu sahədə zəngin bilik və təcrübə qazanıldı, balın kəmiyyət və keyfiyyəti artdı, ondan məişətdə daha çox istifadə olunmağa başlandı. Azərbaycanda arıçılığın inkişafına sovetlər dönəmində diqqət daha da artırıldı. Bu məqsədlə həmin dövrdə mövcud kiçik dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlarda, sonralar isə ixtisaslaşdırılmış iri arıçılıq təsərrüfatlarında birləşdirildi. Hazırda belə təsərrüfatlarda arı ailələri müasir çoxgövdəli və yatıq pətəklərdə saxlanılır. Bu sahə Astara, Şamaxı, Quba, Qusar, Şəki, Zaqatala, Qax, Daşkəsən, Lerik, Lənkəran və digər bölgələrdə daha geniş yayılıb. İşğaldan azad olunmuş Laçın-Kəlbəcər iqtisadi coğrafi rayonlarımızın əlverişli təbiəti və iqlimi də burada arıçılığın geniş yayılmasına şərait yaradır. Bu il Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində yaylaq mövsümi dövründə Kəlbəcər yaylaqlarına arıçılıq təsərrüfatları köçürülüb. Kəlbəcər yaylaqlarına ilk dəfə köçürülmüş arıçılıq təsərrüfatlarında artıq ikinci bal süzümü də həyata keçirilib. Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər yaylaqları ilə yanaşı Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb. Laçının Qorçu, Oğuldərə və digər kəndlərinə ümumilikdə 531 arı ailəsinin köçürülməsi təmin edilib.



Ötən gün Kəlbəcərə səfər edən Prezident İlham Əliyev arıçılıq təsərrüfatının yerləşdiyi yaylaqlara da baş çəkib. Dövlət başçısına bildirilib ki, azad edilən ərazilər arıçılıq üçün böyük yem bazasıdır və gələcəkdə belə sahələr artırılacaq. Arıçı-fermerlər buradan əldə edilən gəlirin 20 faizinin şəhid ailələrinə yönəldiləcəyini vurğulayıblar. Prezident İlham Əliyev Kəlbəcər balının sovetlər dönəmində də məşhur olduğunu diqqətə çatdırıb:

“Bizim balımız da çox keyfiyyətlidir. Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq. Ona görə gərək həm ixrac, həm də daxili bazarı təmin edəsiniz”.

Kəlbəcərin kifayət qədər böyük iqtisadi potensiala malik olduğunu deyən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, bölgənin uzun müddət erməni işğalında qalması çox təəssüf ki, həmin iqtisadi potensialdan istifadəyə imkan verməyib:

"Qeyd edim ki, Kəlbəcər aqrar sektordur, o cümlədən arıçılıqda xüsusi imkanlara və potensiala malikdir. Xüsusən nəzərə alaq ki, Kəlbəcərin əlverişli təbiəti arıçılığı inkişaf etdirməyə imkan verir. Çünki burada olan dağlar, eləcə də meşələr arıçılığın inkişafı üçün kifayət qədər yeni imkanlar yaradır. Bal məhsullarına, xüsusən də təmiz bala həm ölkə daxilində, həm də xaricdə tələb yüksəkdir. Azərbaycanda son dövrlər kənd sahələrində yeni təsərrüfatın qurulması prioritet istiqamətlərdəndir. Bunun da təbii ki, ilk növbədə ölkəmizdə arıçılığın inkişafına xüsusi təkan verəcəyi gözlənilir".

V.Bayramov qeyd edib ki, Kəlbəcər və digər bölgələrimizdə arıçılığın inkişaf etməsi Azərbaycanda istehsal edilən və eləcə də ixrac edilən balın həcmini artıracaq: "Təbii ki, bu, Kəlbəcərdə fərqli sahələrin inkişafı baxımından olduqca vacibdir. Digər tərəfdən isə ixrac nəticəsində daha çox valyutanın daxil olmasına və bütövlükdə, aqrar sektor daxil olmaqla, kənd təsərrüfatının inkişafına imkan yaradacaq. Ona görə də arıçılıq kifayət qədər potensialı olan prioritet sahələrdən biridir. Təbii ki, son bərpa, yenidənqurma prosesi göstərir ki, biz daha qısa zamanda Kəlbəcərin yenidən Azərbaycan iqtisadiyyatına töhfə verməsini müşahidə edəcəyik".