Neft 1 %-dən çox ucuzlaşıb

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baş tutmuş iclasının protokolunun dərc edilməsi həm dünya bazarlarında neft qiymətlərinin ucuzlaşmasına, həm də ABŞ dollarının məzənnəsinin artmasına səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin oktyabr fyuçersləri 1,26 % ucuzlaşaraq, 1 bareli 67,37 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin sentyabr fyuçerslərinin qiyməti 1,62 % düşərək, 1 bareli 64,4 ABŞ dolları, oktyabr fyuçerslərinin qiyməti isə 1,47 % ucuzlaşaraq, 1 bareli 64,25 ABŞ dolları təşkil edib.

İclasın protokolunda qeyd olunur ki, ABŞ iqtisadiyyatı gözləntilərə uyğun şəkildə inkişaf edərsə maliyyə aktivlərinin bazardan alınması templərinin aşağı düşməyə başlaması üçün tələb olunan şərtlər artıq cari ildə formalaşa bilər. İclasın bəzi iştirakçıları isə alış tempinin növbəti il azalmağa başlamasını daha məqsədəuyğun hesab edib. Bundan sonra ABŞ dollarının məzənnəsi nəzərəçarpacaq dərəcədə artmağa başlayıb ki, bu da xammal aktivlərinin qiymətlərinin dinamikasında öz əksini tapıb.

Tələbatla bağlı narahatlıqlar da neft qiymətlərinə təsirsiz ötüşmür. Belə ki, dünyada koronavirusa yoluxma səviyyəsinin artması hökumətləri karantin tədbirlərini sərtləşdirməyə məcbur etməklə tələbatla bağlı qısamüddətli risklər yaradır.