Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 505,2 mln. kVt-saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 88,7 mln. kVt-saat və ya 21.3% çoxdur. Belə ki, 2020-ci ilin ilk yeddi ayında Gürcüstan Azərbaycandan 416,5 mln. kVt-saat elektrik enerjisi idxal edib. Cari ildə Azərbaycandan idxal Gürcüstanın ümumi elektrik enerjisi idxalının 29,6%-ni təşkil edib. Hesabat dövründə Rusiya Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub – 1 040.1 mln. kVt-saat. Yanvar-iyul ayları ərzində Gürcüstanın ümumi elektrik enerjisi idxalı həcmi 1 706.5 mln. kVt-saat təşkil edib.

Qeyd edək ki, Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən Gürcüstanın bu il Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 23 350,31 min ABŞ dolları təşkil edib.