Buğdanın qiyməti artıb

Nazim Bəydəmirli: "Deməli, ətin, südün və digər heyvandarlıq məhsullarının da qiyməti paralel olaraq artacaq"

Məhsul keyfiyyəti proqnozlarının pisləşməsi səbəbindən avqust ayında dünyada buğda qiymətləri artıb. Bu barədə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir. Hesabata görə, FAO Taxıl Qiyməti İndeksinin avqust ayında ortalama dəyəri 129.8 bənd olub ki, bu da iyul ayı göstəricisindən 3.4 faiz, 2020 -ci ilin avqust səviyyəsindən 31.1 faiz çoxdur. Mütəxəssislərin fikrincə, avqust ayında digər taxıl məhsullarının qiymətlərində çox istiqamətli tendensiyalar olub. Qeyd olunur ki, ilk növbədə Kanada və ABŞ-da arpa istehsalı proqnozlarının azalması, həmçinin buğda qiymətlərinin artması beynəlxalq arpa kotirovkalarının iyul göstəricisi ilə müqayisədə 9 faiz artmasına səbəb oldu. Nəticədə keçən ilin eyni dövrünün göstəricisindən 35.6 faiz çox olduğu ortaya çıxıb.

Tanınmış iqtisadçı-alim Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, əhali sayı artdıqca onların ehtiyaclarını qarşılamaq üçün müxtəlif dənli bitkilər, o cümlədən buğdanın ehtiyatı da  artırılmalı, əkin sahələri çoxalmalıdır. Ekspert qeyd edib ki, dünyada baş verən istiləşmə, müxtəlif regionlarda səhralaşma bunların reallaşmasına imkan vermir:

"Bilirsiniz ki, pandemiya dövründə dünyaya taxıl ixrac edən əsas ölkələr müxtəlif eksport rüsumları, aksiz vergiləri tətbiq etdilər. Buna misal olaraq, Rusiyanı göstərə bilərik. Bilirik ki, Rusiya böyük taxıl ixracatçısıdır. O, keçən ildən başlayaraq aksidlər tətbiq elədi, indi də həmin aksidlər qüvvədədir. O baxımdan da təbii ki, belə məhsulların qiymətinin artmasını obyektiv səbəblərlə izah etmək lazımdır. Hesab edirəm ki, Azərbaycan kimi ölkələr bundan ehtiyatlı davranmalıdır, əkin sahələrinin şoranlanmasına şərait yaratmamalıdır. Onlara qulluğu səmərəli təşviq etməlidir. Təəssüf edirəm ki, Azərbaycan ümumiyyətlə, taxıl məhsullarının, əsasən də qida üçün istifadə olunan buğdanı Rusiyadan və Qazaxıstandan idxal edir. Ona görə də bahalaşma bizim ölkəmiz üçün də aktualdır. Çünki qiymət artımı sonda həm yerli istehsalçılara, eyni zamanda onu alan istehlakçılara da ziyandır. Yəni qiymət artır, gəlirlər azalır. Bu mənada hərtərəfli həyəcan təbili çalmaq lazımdır".

N.Bəydəmirli diqqətə çatdırıb ki, taxıl məhsulları həm də müxtəlif heyvandarlıq məhsullarının yetişdirilməsi üçün lazım olan məhsuldur:

"Təbii ki, onun qiyməti artırsa, deməli, ətin, südün və digər heyvandarlıq məhsullarının da qiyməti paralel olaraq artacaq. Ona görə də taxıl təbii strateji məhsuldur. Onun Azərbaycanda becərilməsi genişləndirilməlidir, yəni öz daxili əkin sahələrimiz hesabına əhalinin və ölkənin istehlakını qarşılamaq lazımdır. Bunun üçün də bir çox tutarlı addımların atılmasına ehtiyac var".