Mənzil bazarında, tikinti sektorunda bahalaşma gözlənilmir


Rüsumların artırılması fərdi yaşayış evlərinə və tikintisinə icazə verilməyən obyektlərə aiddir

Tikinti obyektinin istismarına icazənin verilməsinə görə dövlət rüsumunun miqdarı artırılır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdən biri də bununla bağlıdır.  “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 31.1.6-cı maddəyə əsasən, tikinti obyektinin istismarına icazənin verilməsi üçün dövlət rüsumu 60 manat olacaq. Dəyişikliyə əsasən, həmçinin tikinti layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqi və qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır. 

Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası üçün rüsum 30 manatdan 45 manata, yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi üçün rüsum 50 manatdan 75 manata, inşaat pasportunun verilməsi üçün rüsum 50 manatdan 75 manata, inşaat pasportunun surətinin verilməsi üçün rüsum isə 10 manatdan 15 manata qaldırılacaq. 
Qeyd edilir ki, indiyədək bu məsələlər Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi və dövlət rüsumu tutulmurdu. Qanuna dəyişikliklər "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıyır. 
Tikinti obyektlərinin istismarına icazənin verilməsinə görə dövlət rüsumu məbləğinin artırılması tikinti sektoru, eləcə də mənzil bazarında bahalaşmaya səbəb olmayacaq ki? 

“Əmlak” Ekspert Mərkəzinin rəhbəri Ramin Osmanlı “Şərq”ə açıqlamasında bildirdi ki, burada söhbət layihələndirilən tikintilərdən gedir:

- Tikinti prosesi başladıqda, eləcə də tikinti başa çatdıqdan sonra obyektin istismara verilməsi üçün  müəyyən miqdarda dövlət rüsumu ödənilirdi, səhv etmirəmsə, bu, 40 manat məbləğində idi.  Qanuna dəyişikliklə rüsumun məbləği 60 manat təyin edilir. Bu artım bütün dövlət rüsumlarına edilən artımların bir hissəsidir. Və tikinti obyektinin sahibinə və ya çoxmənzilli binalara aidiyyəti yoxdur. Burada söhbət fərdi yaşayış evləri, tikintisinə icazə verilməyən obyektlərdən gedir. Rüsum da sənədləşmə mərhələsində ödənməlidir. Hesab etmirəm ki, rüsumun məbləğinin artırılması mənzil bazarında, ya da tikinti sektorunda, tikinti mteriallarının qiymət artımına  səbəb olsun.