Hər hektardan 20 min qazanacaqlar 

Dünyada ən bahalı baharat – zəfəranın yığımına başlanılıb 

Türkiyənin Bursa bölgəsində Kənd Təsərrüfatı və Meşəçilik Müdürlüyü tərəfindən həyata keçirilən layihə çərçivəsində 2 ay əvvəl əkilmiş zəfəran bitkisinin yığımına başlanılıb. Layihə çərçivəsində Yenişəhər və İnegöl əyalətlərində 6 fermerlə iş birliyi qurulub.  

“Şərq” “milliyyet.com”a istinadən bildirir ki, bu əyalətlərdə baxımsız qalmış torpaqların zəfəran yetişdirmək üçün uyğun gəldiyi müəyyənləşdikdən sonra işə başlanılıb. Zəfəranın çiçəkləri, erkəyciyi ayrı-ayrı toplanır. Hərəsinin öz üstünlüyü var. 1 hektar ərazidə yığılacaq zəfəranın 100 min lirə (təxminən 20 min manat) gəlir gətirəcəyi bildirilir. Bölgənin kənd təsərrüfatı və meşəçilik müdiri Həmit Aygül AA müxbirinə açıqlamasında qeyd edib ki, zəfəran çox faydalı bitkidir, lakin Türkiyədə az becərilir. Hazırda əsas hədəf daha çox bölgədə zəfəran yetişdirilməsinə nail olmaqdır. Çünki bu bitki həm orqanizmə çox faydalıdır, həm də qiyməti bahadır: “Zəfəran istifadə olunmamış və qumlu torpaqda yaxşı yetişir. Dünyanın ən bahalı baharatıdır. Bir çox sahələrdə istifadə edilə bilir, rəngi də gözəldir, ətri də. Güclü antioksidan və orqanizmi qüvvətləndirən təsirə malikdir. 

Zəfərandan tibbi müalicələrdən tutmuş qidaların hazırlanmasına qədər istifadə olunur”. Əslində, bütün bunlar bizim bildiyimiz şeylər. Amma təəssüf ki, Azərbaycanın Bilgəh, Mərdəkan, Şüvəlan kimi qəsəbələrində yetişdirilən zəfərana əhali həsrətdir. Bəlkə də yetişdirilir, amma hara gedir, kimlər satır... bilinmir. Satışda olanlarsa əsasən İran zəfəranıdır. Yeri gəlmişkən, dünya üzrə zəfəran istehsalının 65 faizi İranın payına düşür. Azərbaycan da bu siyahıda yer ala bilər. Əgər düzgün əkin-biçin olsa. Türkiyədə isə fermerlər zəfəran yetişdirilməsindən artıq gəlir əldə etməyə başlayıb. Xüsusən də qadınlar. Tarlada çalışır, qazanır, iqtisadi gəlir əldə edirlər.