Nazir vəd verdi

2022-ci ildə də manatın məzənnəsi qorunacaq

Samir Şərifov saydığını saysın, görək dünyadakı proseslər bizi hansı sürprizlərlə qarşılayacaq

Dünən Milli Məclisdə 2022-ci ilin büdcə zərfi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib. Toplantıda Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov da iştirak ediblər. 

“Azərbaycanın müdafiə xərcləri 404 milyon manat artırılır”

“2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Maliyyə naziri Samir Şərifov bildirib ki, geosiyasi proseslər nəzərə alınmaqla, Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin yüksəldilməsi, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi büdcədə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib: “Gələn il büdcə xərclərinin 15 faizini, yəni 4 490 milyon manat təşkil edəcək. Ümumilikdə isə müdafiə xərclərində 404 milyon manat artım nəzərdə tutulub”.
Samir Şərifov vurğulayıb ki, Nazirlər Kabineti tərəfindən “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” artıq hazırlanıb. Sənəd Prezident İlham Əliyevə təqdim edilib: “Sənədin böyük əhəmiyyətini nəzərə alaraq gözlənilir ki, cənab Prezident İlham Əliyev tərəfindən bu sənədə baxıldıqdan sonra 2022-ci ilin dövlət büdcəsi layihəsinə dəyişikliklər edilə bilər”.
Maliyyə naziri qeyd edib ki, ünvanlı yardımın təyin edilməsi üzrə ehtiyac meyarının həddi 170 manatdan 200 manata yüksəldilib: “Ehtiyac meyarının yaşayış minimumuna - 210 manata çatdırılması nəzərdə tutulub. Bununla bağlı müvafiq qanun layihələri büdcə zərfində parlamentə təqdim olunub”. 

“Bu il büdcədə profisit yaranacağı proqnozlaşdırılır”

S.Şərifov bildirib ki, Dövlət Neft Fondundan gələn il dövlət büdcəsinə 12 milyard 710 milyon manat transfert nəzərdə tutulub: “Bu il dövlət büdcəsinə Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və digər mənbələrdən proqnozlaşdırılandan 1,5 milyard manat artıq vəsait daxil olması proqnozlaşdırılır. İlin sonuna xərclərin 1,2-1,3 manat hissəsinin icra olunmayacağı, büdcə profisitinin yaranacağı gözlənilir. Bu da gələn il keçid layihələrin maliyyələşdirilməsinə imkan verəcək”.
Samir Şərifov deyib ki, xarici ticarət dövriyyəmiz də artıb: “Ümumiyyətlə, ilin sonuna gözlənilir ki, büdcədə 1,5 milyard manat qalıq olacaq. Xərclərimizin icrasında bəzi ləngimələrin olmasını da etiraf etməliyik. Büdcə xərclərinin 1,2-1,3 milyard manata qədər icra olunmaması gözlənilir”. 

“Sosialyönümlü xərclər 13,5 faiz artırılır”

Maliyyə nazirinin sözlərinə görə, dövlət büdcəsi ənənəvi olaraq sosial yönümlü büdcədir: “Büdcənin sosialyönümlü xərcləri 46,4 faizə çatdırılır. Cari illə müqayisədə həmin xərclər 13,5 faiz artırılır. Həmin xərclərin 60 faizi ilk hissəsi əməyin ödənişi xərcləri ilə bağlıdır”. Nazir qeyd edib ki, sosial müdafiə, sosial təminat xərcləri üçün 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: “Növbəti ildə ünvanlı dövlət sosial yardım üçün 260 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda ehtiyac meyarının həddinin 170 manatdan 200 manata artırılması nəzərdə tutulur”.

Nazir manatın məzənnəsinin hansı formada qorunduğunu açıqlayıb: “Çalışırıq ki, büdcə xərcləri hər hansı formada manatın məzənnəsinin dəyərsizləşməsinə xidmət etməsin. 2022-ci ilin dövlət büdcəsinin xərcləri manatın bugünkü məzənnəsi ilə hesablanıb. Bu, manatın məzənnəsi ilə bağlı suallara cavabdır”. 

“Azad edilmiş ərazilərdə xidmət keçən hərbçilərin maaşı artacaq”

Samir Şərifov azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin maaşı barədə məsələyə aydınlıq gətirib: “Azad edilmiş ərazilərdə xidmət göstərən hərbi qulluqçuların və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının maaşlarına Prezidentin sərəncamı ilə əlavələr müəyyənləşdirilib. Gələn il də bu məqsədlə müvafiq vəsait nəzərdə tutulur”. 

“Xarici dövlət borcunun azaldılması qarşımıza məqsəd kimi qoyulub”

S.Şərifov bildirib ki, Prezident hökumət, Maliyyə Nazirliyi qarşısında vəzifə qoyub ki, dövlət borcumuzu ümumdaxili məhsulun 10 faizi həcminə endirək: “Dövlət borcumuz yüksək deyil, Hesablama Palatası da bunu qeyd edir. Amma xarici dövlət borcunun ümumi borcda çəkisinin azaldılması, daxili borcun artırılması da qarşıya məqsəd kimi qoyulub. Qiymətli kağızlar, istiqrazlar şəklində girovların yaradılması istiqamətində işlər gedir. 2018-ci ildə dövlət borcu barədə strategiya qəbul edilib, cari ildə bu strategiyanın yenilənməsi nəzərdə tutulur”. 
Samir Şərifov hüquq-mühafizə orqanlarının əməkdaşlarının da maaşlarının artırılacağını bildirib: “Dövlət başçısının sərəncamına əsasən, büdcədə müvafiq vəsait nəzərdə tutulub və əməkhaqları artırılacaq. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da şamil olunacaq”.

“İnvestisiya layihələrinin icra edilməməsi bizi narahat edir”

Maliyyə naziri deyib ki, investisiya layihələrinin icra edilməməsi, yaxud vaxtında icra edilməməsi onları narahat edir: “İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ayrılan vəsaitlərin istifadə edilməsini istəyir. Hökumət və beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi layihələrə gəlincə, Dünya Bankının, Asiya İnkişaf Bankının kreditləşdirmə ilə bağlı daha sərt tələbləri var. Təəssüf ki, bizim icraçı orqanlar icra sənədlərinin vaxtında tərtib olunub təqdim olunmasında əziyyət çəkirlər. Maliyyə və İqtisadiyyat nazirlikləri investisiya xərclərinə ayrılan vəsaitlərdən istifadənin növbəti ildə 100 faizə çatdırılması üçün razılığa gəlib, bu sahədə addımlar atılacaq”.

“Ortamüddətli büdcə proqnozları əksər hallarda özünü doğrultmur”

Hesablama Palatasının rəyində isə bildirilib ki, Palata ortamüddətli planlaşdırma dövrü, xüsusilə növbəti büdcə ilindən sonrakı illər üçün verilmiş proqnozların əksər hallar üzrə özünü doğrultmadığı qənaətindədir: “Azərbaycan gələn il 5,3 mlrd. manat xarici investisiya cəlb etmək niyyətindədir”. Rəydə qeyd edilib ki, hər növbəti il üzrə müvafiq istiqamətlərdə proqnozlar kəskin dəyişdirilir. Bu səbəbdən Palata büdcəyə keçidin həyata keçirilməsi zamanı bu istiqamət üzrə fəaliyyətin gücləndirilməsinin zəruriliyi qənaətindədir. 

“Son iki ildə sosial ödənişlər üzrə xərclər 60 faiz artıb”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, son iki ildə sosial ödənişlər üzrə xərclər 60 faiz artıb. Nazir vurğulayıb ki, dövlət başçısının siyasətinin ana xəttini ölkə vətəndaşının sosial rifahı təşkil edir: “Az müddət ərzində bu qədər artım bu siyasətin bariz nümunəsidir. Pensiya xərcləri son illər ərzində 48 faiz artıb. Son 3 il ərzində ölkədə minimum pensiyalar artıb. Bu atımlar əlilliyə görə 60, ailə başçısını itirməyə görə 75 faiz olub. Ünvanlı sosial yardım isə 81faiz artıb. Bu göstəricilərin hər biri Azərbaycanda sosialyönümlü siyasət həyata keçirildiyinin sübutudur. Son 2 ildə həyata keçirilən iki böyük sosial paket ümumilikdə 4 milyon insanı əhatə etdi. Növbəti dövr üzrə yenə də artımlar planlaşdırılır. Gələn il DSMF-nin büdcəsində 3,1faizlik artım planlaşdırılır. Ümumilikdə gələn il həm gəlirlər, həm xərclər baxımından DSMF-nin büdcəsi artırılır”.

Sahil Babayev son 3 ildə ləğv edilən pensiyaların məbləğini açıqlayıb: 

“Son 3 ildə əmək müqavilələrinin sayı 400 min artıb. Bunun 300 mini özəl sektorun payına düşür. Ölkə üzrə əməkhaqqı fondu isə 83 faiz artıb. Bunun özü də ölkədə leqallaşmanın nə dərəcədə həyata keçirilməsindən xəbər verir. Ümumilikdə bu gün DSMF-nin gəlirlərində və əhaliyə ödənişlərində daimi olaraq büdcə və qeyri-büdcənin payı düzgün qurulur. DSMF-də gəlirlərin təminatı ilə yanaşı, xərclərin də şəffaflaşdırılması istiqamətində işlər görülür. Əsassız saxta pensiya işlərinin ləğv edilməsi istiqamətində silsilə işlər gedir. 2018-ci ildə 25,6 milyon, 2019-cu ildə 133,1 milyon, 2020-ci ildə 246,5 milyon, bu il isə 496 milyon manat əsassız pensiya ləğv edilib”.