Növbəti illərdə türk dünyasında  iqtisadi əlaqələr daha da dərinləşəcək  - Vüqar Bayramov

“Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən Türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirirlər”.

Bu barədə “Sherg.az”a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. 

Deputat vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar: 

“Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək. Ötən Zirvə görüşündə qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını xüsusi müzakirə olunmuşdu. Azərbaycanın Vətən Müharibəsindəki Zəfərindən sonra regiondakı düzən də dəyişib. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq.
Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.