Lirənin ucuzlaşması vaxtaşırı baş verir

Qərbin Türkiyəyə iqtisadi təzyiqi 5 ildir davam edir

Hökumət dərhal ölkənin valyuta gəlirlərinə diqqət yetirməlidir

"Daha çox dollar gətirən məhsul və xidmətlər üzrə müvafiq stimullaşdırıcı addımlar atılmalı, onların əl-qolu buxovdan açılmalıdır"

Son günlər Türkiyədə dolların kəskin şəkildə bahalaşması və lirənin ucuzlaşması müşahidə olunur. Əlbəttə, prosesin daxili səbəbləri var. Lakin hadisələrin sürətli inkişafı və fərqli fazaya qədəm qoyması bunun səbəblərini daha çox Türkiyənin yürütdüyü xarici siyasətdə və Qərbin qardaş ölkəyə qarşı qurduğu senaridə axtarmalı olduğumuzu göstərir. Belə “senari”ləri müxtəlif qüvvələr Türkiyədə səhnələşdirməyə bir neçə dəfə cəhd ediblər. 

Axırıncı dəfə 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhdlə Türkiyədə kirli planların gerçəkləşdirilməsinə cəhd olundu. Türkiyənin böyüməsini və güclənməsini istəməyən güc mərkəzləri 2016-cı ildə edə bilmədiklərini dollarla etmək istəyirlər. Dolların durmadan bahalaşması, lirənin ucuzlaşması qiymət bahalığına və inflyasiyasının artmasına imkan yaradacaq. Nəticədə mitinqlər başlayacaq və ölkədə daxili xaos şəraiti yaranacaq. Müxalifətin körükləməsi ilə müəyyən dairələr erkən seçim məsələsini gündəmə gətirəcək və iqtidarın istefasını tələb edəcəklər. 

Artıq bu istiqamətdə ilk addımlar atılmaqdadır. Kiçik də olsa etiraz askiyaları təşkil olunmaqda, “hökumətin istefası” şüarları səslənməkdədir. Məqsəd kütləvi etirazlar səbəbindən iqtidarı erkən seçimə məcbur qoymaqdır. Çünki ABŞ və bəzi Avropa ölkələri istəyirlər ki, Türkiyənin başı yenidən daxili işlərə qarışsın. Bununla da Ankara hökuməti Aralıq dənizindəki haqlarından vaz keçsin, Yaxın Şərqdən, Cənubi Qafqazdan geri çəkilsin. 

Daha dəqiqi, 2023-cü ilədək Türkiyəni “öz cızığına” qaytarmaq mümkün olsun. Bir məqamı qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın hökumətin faiz dərəcələrini aşağı həddə saxlamaq barədə qərarında qətiyyətli olduğunu söyləməsindən sonra lirə də ucuzlaşmağa başlayıb. Ərdoğan vurğulayıb ki, hökumət hansı risklərlə üz-üzə olduğunu və axırda nə əldə edəcəyini yaxşı bilir. Onun sözlərinə görə, qarşıdakı aylardan etibarən bu iqtisadi siyasətin əhalinin gündəlik həyatına müsbət təsirini görmək mümkün olacaq. Ərdoğan faizlərin aşağı həddə saxlanılmasının məqbul olduğunu deyərək, lirənin ucuzlaşmasına görə ortaya çıxan qiymət artımının invesitisiyalara birbaşa təsir göstərmədiyini söyləyib. Lirənin xarici valyutalara nəzərən ucuzlaşması vaxtaşırı baş verib. Lakin bütün bunlar müəyyən zaman çərçivəsində ortaya çıxdıqdan sonra proses səngiyib, lirə dəyərcə sabitlik əldə edərək, əksinə, möhkəmlənib. Budəfəki dəyər itirmə prosesi isə heç də 1 dolların 13 TL-dən baha olması ilə deyil, ucuzlaşmanın həm uzun müddətdir davam etməsi, həm əvvəlkilərdən daha sürətli xarakter daşıması ilə seçilir. Qeyd edək ki, hazırda Türkiyədə inflyasiyanın 20 faiz həddində olduğu bildirilir. Bəzi iqtisadi ekspertlər hazırkı valyuta siyasəti davam etdiriləcəyi halda inflyasiyanın 30 faiz həddinə çatacağını istisna etmirlər. 

İqtisadçı-ekspert Pərviz Heydərov “Şərq”ə bildirib ki, Türkiyə iqtisadiyyatına hələ pandemiyadan öncə təzyiqlər var idi. Qərbin təzyiqləri isə 5 ildir davam edir. Bu müddət ərzində ölkəyə xarici kapital axını, yəni investisiya əvvəlki illərlə müqayisədə demək olar, sıfır vəziyyətinə düşüb. İndiki şəraitdə isə xarici investisiyalardan ümumiyyətlə, söhbət gedə bilməz:

 “Pandemiya şəraitinin bütün dünya ölkələrinin iqtisadiyyatlarına vurduğu zərbə bəllidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da etiraf edir ki, bütün sahələrdə epidemiya çox dərindən hiss edilib. Bir sıra iqtisadi fəaliyyət sahələri qapanma və məhdudiyyətlərə məruz qaldı, nəticədə iqtisadi fəallıq məcburən çərçivəyə salındı.

Bütün bunların vurduğu zərbələrdən birdən-birə qurtulmaq mümkündürmü?! Xeyr. Məsələn, Türkiyədə ölkəyə xarici valyuta gətirən əsas sahələrdən biri turizm idi. Türkiyə turizm sahəsində dünyanın ən tanınmış ölkələrindən sayılırdı. Pandemiya ən böyük zərbəni hər yerdə məhz turizm sektoruna vurdu. Odur ki, Ankaranın bu sahədə pandemiyaya qədərki vəziyyətə tam qayıtması üçün azı 2023-cü ilədək vaxt lazımdır. Üçüncüsü, pandemiyadan sonra bütün ölkələrdə və dünya bazarlarında qiymətlər yüksəlib. Enerji daşıyıcıları bahalaşıb, ərzaq məhsulları qalxıb, demək olar, bütün digər növ məhsullar üzrə təklifin tələbi ödəyə bilməməsi situasiyası yaranıb. Bu isə zəncirvari reaksiya yolu ilə həm idxalı, həm də yerli istehsalı bahalaşdırıb və bahalaşdırmaqda da davam edir. Nəticədə inflyasiyaya əlavə təsir və təzyiqlər yaranıb. Neft və qaz bahalaşıb, Ankaranın valyuta xərcləri xeyli yüksəlib. Bu da biznes dairələrinin işlərini daraldıb, risklərini artırıb. Belə şəraitdə hər bir ağıllı sahibkar adətən gözləmə mövqeyi seçir və özünü sığortalamaq tədbirləri haqda düşünür”. 

İqtisadçı vurğulayıb ki, çox qəribədir ki, belə bir fonda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini aşağı salır. Ucuz pul-kredit siyasəti yürütməklə, pul təklifini daha da yumşaltmaq siyasəti həyata keçirir: 

“Mərkəzi Bankın vəziyyəti nəzarətə götürmək əvəzinə “odun üzərinə benzin tökmək” mövqeyi çox ciddi təəccüb doğurur. Belə şəraitdə pulun dəyərini hökumət siyasətilə daha da ucuzlaşdırmaq hansı məntiqə sığır, aydın deyil. Bu, təzyiqi kəskin şəkildə aşağı düşən pasientə müalicə məqsədilə əlavə olaraq təziyiqsalıcı dərman verməyə bənzəyir. Milli pul vahidini dəyərdən salmaq yolu ilə iqtisadi aktivliyi yüksəltmək və ixracı genişləndirmək metodu bu şəraitdə əsla effekt verə bilməz. Bunu türk məhsullarının qiymətlərinin heç də aşağı düşməməsi faktı sübut etməkdədir. Təkrar edirəm, bahalaşma bütün dünyada, qlobal iqtisadiyyatda müşahidə edilir. Belə şəraitdə adətən, milli pul vahidinin dəyərini qorumaq məqsədilə pul-kredit siyasətini sərtləşdirirlər, yumşaltmırlar”. 
P.Heydərov hesab edir ki, Türkiyə hökuməti tezliklə ölkənin valyuta gəlirlərinə diqqət yetirməli, ixracın ümumən genişlənməsinin qayğısına qalmalıdır: “Daha çox dollar gətirən məhsul və xidmətlər üzrə müvafiq stimullaşdırıcı addımlar atılmalı, onların əl-qolu buxovdan açılmalıdır. Bu zaman ölkəyə idxal da nəzarətə götürülməli, valyuta axını mümkün istiqamətlərdə məhdudlaşdırılmalıdır. Qısacası, lirənin məzənnəsi “ox yayından çıxmamış” dərhal sabitləşməlidir. Yoxsa, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumların Ankara üzərinə çoxdan bəridir atdıqları