Rusiya qeyri-neft ixracatında ən böyük partnyorumuzdur

Deputatın sözlərinə görə, 2 milyard dollarlıq qeyri-neft ixracatımızın təxminən 36 faizi Rusiyanın payına düşür

Məlum olduğu kimi, noyabrın 24-də Bakıda Prezident İlham Əliyevin Rusiya baş nazirinin müavini Aleksey Overçuk ilə görüşü olub. Görüşdə iki ölkə arasındakı gələcək planlar haqqında da fikir mübadiləsi aparılıb. Bəyan edilib ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsini verəcək. Tərəflər ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafını təqdir edib. 

Vurğulanıb ki, bu il ticarət dövriyyəsi 7 faiz artıb. Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də geniş müzakirə olunub. Əminlik ifadə edilib ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək. 

İki ölkə arasındakı iqtisadi əməkdaşlıqla bağlı “Şərq”ə danışan millət vəkili Vüqar Bayramov deyib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, eyni zamanda ölkəmizin qeyri-neft ixracatında da ən böyük partnyorudur. Deputatın sözlərinə görə, 2 milyard dollarlıq qeyri-neft ixracatımızın təxminən 36 faizi Rusiyanın payına düşür: 

“O baxımdan 2 ölkə arasında iqtisadi əlaqələr, xüsusən Azərbaycan məhsullarının Rusiyaya ixracı prosesi son illər xeyli genişlənib. Sözsüz ki, işğaldan azad edilmiş ərazilərimizdə fərqli ölkələrə məxsus şirkətlərin iştirakı nəzərdə tutulur. Artıq bir çox dövlətin nüfuzlu şirkətləri Qarabağda yenidənqurma və bərpa işlərində yaxından iştirak edirlər. 

Xüsusən, Türkiyə və İtaliya şirkətləri daha fəal rol oynayır. Yaxın günlərdə daha çox ölkədən şirkətin quruculuq prosesinə cəlb edilməsi, bərpa işlərinin intensiv hal alması praktik olaraq əsas hədəflərdəndir. O səbəbdən Rusiya şirkətlərinin də bərpa-quruculuq işlərində iştirakı mümkündür. 

Xüsusən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi fonunda gözlənilir ki, Rusiya və region arasında iqtisadi və ticari əlaqələrdə artım müşahidə olunacaq

. Kommunikasiyaların bərpası və paralel olaraq dəhlizlərin istifadəyə verilməsi həm də Rusiya ilə Azərbaycan, o cümlədən bölgənin digər dövlətləri arasında ticarət dövriyyəsinin genişlənməsinə gətirib çıxaracaq”.