Yeni dəyişikliklərdə müsbət məqamlar da var

Gələn ildən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılacaq

Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub. Yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Xatırladaq ki, əvvəllər yalnız bu istisna neft və qaz məhsullarına tətbiq olunurdu.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov “Şərq”ə bildirib ki, dəyişikliklər Prezident tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək. Deputat bununla yanaşı, dəyişikliklərdə müsbət məqamlara da diqqət yönəldib və bir sıra sahələrdə əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılacağını deyib:

 “Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq. 

Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. 

Dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr hissəsinə tətbiq olunacaq. 

Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edəcək”.