Rəqəmləri şişirdirlər

Əli Məsimli araşdırma tələb edir

"267 min 900 nəfərin öz ərizəsi ilə işdən çıxması inandırıcı deyil"

Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. İclasın gündəliyinə 17 məsələ daxil edilib. Deputatlar cari məsələlərlə bağlı da çıxışlar edərək bir sıra problemləri gündəmə gətiriblər. 

“İnsanları işdən çıxmaq barədə ərizə yazmağa məcbur edirlər”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib ki, guya, 267 min 900 nəfər pandemiyanın tüğyan etdiyi bir vaxtda öz ərizəsi ilə işdən çıxıb. Deputatın fikrincə, bu rəqəm xeyli dərəcədə şişirdilmiş rəqəmdir: “Qanunvericiliyə əsasən, öz ərizəsi ilə işdən çıxan şəxs işsizlik müavinəti ala bilmir. Bu cür statistika işsizlikdən əziyyət çəkən insanlara ciddi zərbə vurur. İşçilərin xeyli hissəsini işdən çıxmaq barədə ərizə yazmağa məcbur edirlər, bu insanlar taleyin hökmünə buraxılıb. Bu istiqamətdə dərin araşdırmaların aparılmasına ehtiyac var. Həmin vaxt bu qədər insanın öz ərizəsi ilə işdən çıxması inandırıcı deyil. Pandemiya dövründə belə hərəkətin edilməsini qəbuledilməz hesab edirəm”. 

“Yas məclislərinə də 100-150 nəfərin iştirakına icazə verilsin”

Millət vəkili Razi Nurullayev yas mərasimlərinin keçirilməsinə icazə verilməsini istəyib. Onun sözlərinə görə, Operativ Qərargah yas mərasimlərinin keçirilməsi ilə bağlı qərar qəbul etsə, yaxşı olar: “Azərbaycanda 150 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilir. Müxtəlif yerlərdə mənə onlarla vətəndaş yaxınlaşır xahiş edir ki, yasların da keçirilməsinə icazə verilsin, hüzrü düşən adam həyətində başsağlıqlarını qəbul etmək üçün incidilməsin. Nə fərqi var ki, məclis məclisdir! Qoy yas məclislərinə də 100-150 nəfərin iştirakına icazə verilsin. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur. Onsuz da qadınlar evlərdə yığışıb yas edir və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilər”. 

Deputat həmçinin təklif edib ki, məscidlərdə 50 nəfərlə bağlı məhdudiyyət toy sayına bərabərləşdirilsin: “Bu sayın ən azı 100 nəfərə çatdırılması ədalətli olardı. Eyni zamanda, eyni vaxtda namaz qılanların da sayının 15 nəfər müəyyən edilməsi sosial narazılıq yaradıb. Din adamları gündə üç dəfə dəstəmaz alır və təmizliyə daha çox riayət edir. Onun üçün də mənə müraciət edən onlarla din xadimi adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyirəm”.

“İrəvanın "hərbi əsir" arqumenti fiaskoya uğradı”

Deputat Bəhruz Məhərrəmov Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əsassız iddialarını rədd etməsindən danışıb. Vurğulayıb ki, BMT məhkəməsinin qərarı İrəvanın “hərbi əsir” arqumentinin fiaskosu deməkdir: “Bir həftə öncə Beynəlxalq Ədalət Məhkəməsi müvəqqəti tədbir xarakterli qərarla Ermənistanın ən vacib siyasi arqument kimi əsaslandığı “saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması” və “Hərbi Qənimətlər Parkının dərhal bağlanmasına dair” tələblərini rədd etdi. Azərbaycanı hədəfə alan daxildəki bəzi siyasi dairələr nədənsə bu qərarı Azərbaycanın, Azərbaycan hakimiyyətinin uğursuzluğu kimi car çəkməyə başlayıb. Arqumentləri də odur ki, Azərbaycanın olduğu kimi Ermənistanın da Azərbaycana qarşı bir sıra vəsatətləri təmin olunub. Eyni öhdəliyin Ermənistanın da üzərinə qoyulan formatına baxaq. Məhkəmə əgər Azərbaycandan mümkün irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini tələb edirsə, Ermənistandan artıq mövcud olan bu problemi qadağan etməsini tələb edir. Yəni Ermənistan məhkəmə aktında artıq irqi ayrı-seçkiliyin mövcud olduğu dövlət kimi təsbit olunur. Bunu niyə demirsiz? Niyə demirsiz ki, məhkəmənin ortaya qoyduğu hüquqi mövqeyə əsasən “əsir” məfhumu yalnız 2020-ci il münaqişəsi zamanı saxlanılanları nəzərdə tutur ki, bu, İrəvan “hərbi əsir” arqumentinin fiaskosu deməkdir. Niyə demirsiz ki, Beynəlxalq Ədalət Məhkəməsi “2020-ci il münaqişəsi zamanı” ifadəsi işlətməklə bəzi Qərb dairələrində iddia olunanın əksinə, münaqişənin artıq başa çatdığını məhkəmə aktında təsbit edir. Budurmu sizin o dediyiniz kimi, Azərbaycan hakimiyyətinin məğlubiyyəti? Biri AŞ PA-da Azərbaycan Ordusu əleyhinə qətnamə qəbuluna cəhd edir, biri Paşinyanı öz lideri kimi görmək istəyir. Açığı, ifadə etməyə söz tapmaq olmur. Buna bir son qoyulmalıdır”.

“Novruz Qartal bu günlərdə çox ağır şəraitdə kirayədə yaşayır”

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təklif edib ki, Milli Qəhramanımız, jurnalist Salatın Əsgərovanın şəhid olduğu kəndin adı dəyişdirilərək “Salatınkənd” adlandırılsın. Deputat qeyd edib ki, dövlətimiz və xalqımız hər zaman Salatın Əsgərovanın xatirəsini uca tutub. Dekabrın 16-sı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq. Salatın Əsgərovanın 60 illik yubileyində onun şəhid olduğu kəndin onun şərəfinə “Salatınkənd” adlandırılmasını dövlət qurumlarından xahiş edirik. Onu da qeyd edim ki, şəhid jurnalistin yeganə övladı 1 ildir işsizdir”. Deputat Əməkdar artist Novruz Qartalın səhhətində yaranan problemə də münasibət bildirib: “Novruz Qartal bu günlərdə çox ağır şəraitdə kirayədə yaşayır. 

Onun son arzusu ömrünün son günlərini öz evində keçirməsi ilə bağlıdır. Əlaqədar qurumları bu məsələyə münasibət bildirməyə çağırıram”.