Biletlər bahadır: Deputatlar AZAL-ın qiymət siyasətinə etiraz etdilər

"Xahiş edirik, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın"

Milli Məclisin dünənki iclasında “Turizm haqqında” qanunun müzakirəsi zamanı tənqidi fikirlər səsləndirilib. Əksər deputatlar AZAL-ın qiymət siyasətinə etiraz edərək təyyarə biletlərinin həddindən artıq baha olduğunu bildiriblər. Millət vəkili Aqil Abbas deyib ki, Naxçıvanda kənd turizmi sahəsində işlərə başlanıb və nailiyyətlər var: “Bu gün burada hamı təkliflərini dedi, danışdı. Bəs AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. 

Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum. Deputatların dediyi havada qalır. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq?! AZAL qiymətləri qaldıra-qaldıra getsin? Özümüz deyirik, özümüz eşidirik. Benzin bizim, hər şey bizim. Dövlət də AZAL-a subsidiya verir. Amma xeyri yoxdur. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Bəlkə bununla bağlı müraciət hazırlayaq? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi. Dünən Prezident İlham Əliyev “Qarabağ” futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. O gün baxıram ki, oteldə bir gecə üçün qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedərəm ora? Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın. Təyyarə biletlərinin qiymətləri ilə bağlı məsələ həll olunmalıdır”. 

“Azərbaycana gəlmək Amerikaya gəlməyə çevrilib”

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə təyyarə biletlərinin baha olmasından şikayətlənib: “Niyə qardaş Türkiyədən başqa ölkələrin uçuş xərcləri Azərbaycanla müqayisədə daha aşağıdır? Bunun səbəbi Türkiyə ilə bağlı deyil, Azərbaycanda bu işə məsul qurumlarla bağlıdır. Mühafizəkar viza rejimi də Azərbaycandadır. Beynəlxalq uçuşlarda regional hava limanları ilə bağlı daha aşağı qiymətlər tətbiq etməliyik. Quru sərhədlərindən Azərbaycana keçən turistlər var, həmin yerlərdə sadələşdirilməyə gedilməlidir. Bu yaxınlarda Özbəkistanda səfərdə idim. Orda mənə dedilər ki, Azərbaycana artıq 10 saata gələ bilirlər. Azərbaycana gəlmək Amerikaya gəlməyə çevrilib. Turizmin inkişafı məsələsinə kompleks yanaşılmalıdır”. Deputat mədəni abidələrin baxımsızlığı probleminə də münasibət bildirib: “9 ildir Prezident İlham Əliyevin Göytəpə arxeoloji abidə kompleksi ilə bağlı sərəncamı icra edilmir. Digər tərəfdən, bölgələrin turizm potensialı inkişaf etdirilməlidir. Mədəni turizmə bölgələrdə baxış dəyişməzsə, inkişafdan danışa bilmərik. Bərdədə Nizami Gəncəvinin heykəli uzun illərdir götürülüb, amma “Nizami İli” olmasına baxmayaraq, hələ də qoyulmayıb”.

“Turistlər bölgəyə gəlməkdən çəkinirlər...”

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, uzun illər Azərbaycanı döyüş bölgəsi kimi təqdim ediblər, turistlər də belə təqdim olunan bölgələrə gəlməyə çəkinirlər: “Bu tendensiya Türkiyədə, Gürcüstanda da artıq müşahidə edilir. Artıq bu ölkələrə gələn turistlərin sayında da azalma var. Bu, sistemli şəkildə aparılır. Bunlar turistlərin Avropa ölkələrinə cəlb edilməsinə yönəldilən addımlardır. Azərbaycanda turizmin inkişafı üçün kifayət qədər şərait var. Biz reklamlarımızda bunu təbliğ etməliyik”. 

“Bəlkə də dənizdən istifadə etməyi bacarmayan yeganə xalqıq”

Millət vəkili Fazil Mustafa vurğulayıb ki, turistlərin aldadılması məsələsi ən əsas problemlərdəndir: “Turisti aldadan, dələduzluq edən şəxslər ciddi məsuliyyətə cəlb edilməlidir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edə bilərik. Ona görə də turistin sadəcə, sığortası məsələsini deyil, onların təhlükəsizliyi məsələsini də həll edək. Dəniz turizmi məsələsi də çox acınacaqlı vəziyyətdədir. Biz bəlkə də dənizdən istifadə etməyi bacarmayan yeganə xalqıq”. Deputat təyyarə qiymətlərinin baha olması problemini də qaldırıb: “Dəfələrlə təyyarə qiymətlərinin baha olması məsələsini qabardırıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzuruqsa, rəqabət də olmayacaq. Başqa ölkələrdən bura gəlib-getmək əzaba çevrilib. Biz bu qanunu kimlərəsə iş yerinin yaradılması üçün qəbul etməməliyik”.

“Təyyarə biletlərinin baha olması turistlərin gəlişinə maneədir”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də qeyd edib ki, təyyarə biletlərinin baha olması turistlərin gəlişinə maneədir: “Əldə edilən nailiyyətlərlə yanaşı, turizm sektorunun davamlı inkişafını ləngidən bəzi problemlər də var. Son illərdə aparılan islahatlara baxmayaraq, hələ də mühafizəkar viza rejimi ölkədə turizmin inkişafına maneə olaraq qalmaqdadır. Azərbaycana yalnız 10 ölkədən xarici vətəndaş vizasız gələ bildiyi halda, Gürcüstana 100-ə yaxın, Özbəkistana 80-dən çox, Qazaxıstana 70-dən çox, Türkiyəyə isə 90-dan çox ölkədən əcnəbilər vizasız gələ bilərlər. Digər tərəfdən, sərfəli olmayan bazar şərtləri də var. Təyyarə biletlərinin baha olması da turistlərin gəlişinə maneədir. Sərfəli olmayan bazar şərtləri aşağı büdcəli hava yolu şirkətlərinin cəlb olunmasına, uçuş istiqamətlərinin şaxələndirilməsinə və uçuş reyslərinin sayının artmasına maneə yaradır. Eyni zamanda, Azərbaycanda beynəlxalq statuslu regional hava limanları mövcud olsa da, birbaşa hava əlaqələrinin qurulmasında onlardan səmərəli istifadə edilmir. Üçüncü səbəb quru sərhəd-keçid infrastrukturunun turistlər üçün əlverişli olmamasıdır. Turist məmnunluğunun yaxşılaşdırılması, qonşu ölkələrdən gələn turist sayının artırılması məqsədilə quru sərhəd-keçid məntəqələrində viza verilməsi işinin təşkilinə, gözləmə rejiminin azaldılmasına, infrastrukturun təkmilləşdirilməsinə, keçid prosedurların optimallaşdırılmasına, habelə əlavə resursların (insan, texniki və maddi resursların) cəlb olunmasına ehtiyac var”.