Maaşlar artırıldı



Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına təsir edəcək

Azərbaycanda vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlanılıb. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əmək haqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək. 

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq. Xatırladaq ki, minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Qeyd etmək lazımdır ki, dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir. Xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır. 

Əlavə edək ki, gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. 2020-ci ildə həmin nisbət 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faizə səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.
Nəzərə çatdıraq ki, Vahid Tarif Cədvəli ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşları artırılıb. Bu mənada Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.  Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır. Gələn ilin əvvəlindən tətbiqinə başlanacaq cədvəldə işçilərin maaşları hər bir dərəcə üzrə artırılmış məbləğlərdə əksini tapacaq.  

Həmçinin cədvəldə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də artırılacaq. Qeyd edək ki, əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində  çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq.

Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli VTC üzrə əməkhaqlarının minimal həddi 250, maksimal həddi 906 manatdır. Təsdiqlənəcək yeni cədvəldə bu göstəricilərdə minimum əməkhaqqı artımına uyğun artımlar olacaq. 

Yeni əməkhaqqı artımı təhsil işçisini əhatə edir. Ölkə başçısının Sərəncamına əsasən, 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları isə 40 faiz artırılır. Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.Artımların edilməsi məqsədlə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezidentin Sərəncamları 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir. Nazir qeyd edib ki, imzalanan sərəncamların əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin etdiyini vurğulayıb:

 “Dövlət başçısının bu gün imzaladığı yeni Sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır, bu artım 800 min işçinin maaşının artması deməkdir. Həmçinin dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırıldı. 

Yəni bu gün imzalanan Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir”. S.Babayev vurğulayıb ki, ölkəmizdə son 4 ildə sosial ödənişlərdə baş verən ciddi artımların mühüm bir istiqaməti əməkhaqları ilə bağlıdır. 

Hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım bu dövrdə 2,3 dəfə təşkil edib. Qeyd olunub ki, əmək müqavilələrinin sayı da son 4 ildə 30 faiz artıb.