Lirənin dəyərdən düşməsi sürətli hal alır

Əgər yanlış pul siyasətinə son verilməsə, proses davam edəcək

Türkiyə lirəsi dəyər itirməkdə davam edir. Hazırda 1 dollar 16,04 lirəyə qədər yüksəlib. Türkiyə Mərkəzi Bankının yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini endirməyə davam etməsi lirənin gündən-günə ucuzlaşmasına səbəb olur. İqtisadçılar lirənin zəifləməsini ölkədə artan inflyasiyanı daha da şiddətləndirərək 30 faizdən yuxarı qaldıracağını düşünürlər. Qeyd edək ki, lirənin ucuzlaşması fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Maliyyə naziri Lütfi Elvanı vəzifəsindən azad edərək yerinə Nureddin Nebatini təyin edib. Maliyyə nazirinin müavinləri də tutduqları vəzifədən azad olunub. Tənqidlərə və uçot dərəcəsinin yüksəldilməsi yönündə tələblərə baxmayaraq, hökumət faiz azalmalarını müdafiə edib. Prezident Ərdoğan “iqtisadi müstəqillik müharibəsindən” qalib çıxacaqlarını vurğulayıb. Məlumata görə, hakim AKP yeni konsepsiya elan edib. Məğzi isə budur ki, lirənin ucuzlaşması və kredit faizlərinin aşağı çəkilməsinə görə Türkiyə yeni “Çin modelinə”, istehsal-ixrac iqtisadiyyatına keçir. Konsepsiyaya görə, ucuz işçi qüvvəsi və ucuz kreditlər Türkiyəni cəlbedici istehsal sahəsinə çevirəcək və mövcud problemləri aradan qaldıracaq. 

Lirənin günbəgün ucuzlaşmasını “Şərq”ə təhlil edən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, qardaş ölkənin milli valyutasının dəyərdən düşməsinin səbəbləri az-çox hamıya məlumdur. Ekspert vurğulayıb ki, aylar öncə lirənin ucuzlaşmasına zəmin yaradan nə idisə, prosesin davam etməsinə şərait yaradan məhz həmin amillərdir: 

“Lirənin dəyərdən düşməsinə əvvəlki dönəmlərdə də rast gəlinib. Ancaq proses çox qısa çəkib və indiki miqyasda baş verməyib. Bir müddət keçəndən sonra vəziyyət düzəlib. İndiki durum fərqlidir. Demək olar ki, 2021-ci il başlayandan lirə xarici valyutalara qarşı ucuzlaşmaqdadır. Oktyabr ayından üzü bəri isə lirənin dəyərdən düşməsi tendensiyası daha sürətli hal alıb. Səbəb ondan ibarətdir ki, ölkəyə xarici kapital axını yoxdur. Türkiyənin siyasi müstəvidə Qərb ölkələri ilə münasibətlərinin soyuqlaşması da öz sözünü deyir. Milli pul vahidi hansı hallarda ucuzlaşır? Ölkədə xarici investisiya kəskin azalanda və xaricə kapital axını genişlənəndə. Nəticədə bazarda xarici valyutaya ciddi ehtiyac yaranır”.

İqtisadçı bildirib ki, Türkiyə iqtisadiyyatında müşahidə olunan yüksəliş lirənin xarici valyutalar qarşısında möhkəmliyini təmin edən əsas amillərdən sayılırdı. Lakin son aylarda ölkəyə daxil olan xarici valyutanın kəskin azalması və xarici kapital sahiblərinin öz pularını geri çəkməsi müşahidə olunmağa başladı: 

“Hətta iqtisadiyyatdakı qeyri-müəyyənliyə görə, ölkənin bəzi aparıcı yerli sahibkarları da eyni addımı atırlar. Bütün bunlar lirənin getdikcə ucuzlaşmasına gətirib çıxarır. Prosesi sürətləndirən daha bir amil isə ondan ibarətdir ki, hökumət prosesin qarşısını almaq üçün zəruri olan addımları atmaq əvəzinə tamamilə əks mövqe tutur. Mərkəzi Bank kreditlər üzrə uçot dərəcəsini aşağı salmaqda davam edir. Bu da lirənin ucuzlaşmasına təsir göstərir. Prosesin uzun müddət davam edəcəyi ehtimalı güclüdür. 

Əgər hökumət tərəfindən bu sahədə həyata keçirilən yanlış pul siyasətinə son verilməsə, lirə dəyər itirməkdə davam edəcək”.