"Lotoreyalar haqqında" qanun ciddi müzakirələrə səbəb oldu

"Gedib Gürcüstanda oyunlar oynayırlar, vergilərini də ödəyib gəlirlər"

Vahid Əhmədov: "Belə adamlara Azərbaycanda müvafiq şəraiti yaratmaq lazımdır"

Qüdrət Həsənquliyev evdə oynanılan oyunların qumar kimi qiymətləndirilməsini düzgün saymayıb

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında “Lotoreyalar haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Lotoreyalar haqqında” qanuna dəyişiklik edilməsinin zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, xaricdə təşkil olunan lotoreya oyunlarına Azərbaycandan kifayət qədər vəsait yönəlir və qanuna dəyişiklikdə məqsəd həm də bu sahədə kölgə iqtisadiyyatının qarşısını almaqdır: “Hesablama Palatasının 2019-cu ildə “Azərlotoreya” ASC-də apardığı audit yoxlamaları zamanı ASC-nin gəlirlərinin 6 milyon manat olduğu, büdcəyə də 2 milyon manat vəsaitin daxil olduğu üzə çıxıb. Ancaq iqtisadiyyat nazirinin müavininin də açıqladığı kimi, 2019-cu ildə mərc oyunları ilə bağlı “qara bazar”ın həcmi 700 milyon manat olub. Bu, kifayət qədər böyük vəsaitdir. Məqsəd də bu kimi halların aradan qaldırılmasıdır”. 

İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf qanun layihəsinin hazırlanmasında əsas məqsədlərdən birinin bu sahədə şəffaflığa nail olunması və “qara bazar”ın aradan qaldırılması olduğunu vurğulayıb. Nazir müavini qanunvericiliyə “qumar” anlayışının daxil edilməsinin səbəbini açıqlayıb: “Qanunvericilikdə sırf qumarxana ilə bağlı cəzalar nəzərdə tutulub. Ancaq hazırda fiziki obyekt yaratmadan da qumar oyunları təşkil etmək mümkündür. Ona görə də qanunvericiliyə qumar oyunları anlayışı daxil edilir”. R.Nəcəf deyib ki, məqsəd büdcəyə daha çox vəsait cəlb etməkdir: “Digər tərəfdən, mənfəətdən deyil, dövriyyədən vergiyə cəlbetmə tətbiq olunacaq. Bu da bu sahədə fəaliyyət göstərən sahibkarları stimullaşdırmaq məqsədi daşıyır. Prosedurlar daha təkmil qaydada nəzərdə tutulub”. İqtisadiyyat nazirinin müavini qeyd edib ki, bəzən vətəndaşları aldatmağa yönəlik stimullaşdırıcı lotoreyalar olur: “Ona görə də stimullaşdırıcı lotoreyaların sərbəst buraxılması çətin məsələdir”. 

Millət vəkili Vahid Əhmədov bildirib ki, bu sahədə şəffaflığın təmini ilə bağlı mexanizmin yaradılması vacibdir:

 “Qanunun icrasına da nəzarət lazımdır. Qanunun icrasına nəzarəti yəqin ki, İqtisadiyyat və Gənclər və İdman nazirlikləri həyata keçirəcək. Bu, kifayət qədər gəlirli sahədir. Gedib Gürcüstanda, Pribaltika ölkələrində oyunlar oynayırlar, vergilərini də ödəyib gəlirlər. Ona görə də Azərbaycanda müvafiq şəraiti yaratmaq lazımdır. Ümumilikdə, bu qanunun qəbulu vacibdir”.
Millət vəkili Qüdrət Həsənquliyev evdə oynanılan oyunların qumar kimi qiymətləndirilməsini düzgün saymayıb: “Bakının kəndlərində insanlar kiminsə evində oturur, oyunlar oynayırlar. Bundan qazanc da götürmürlər, kim uduzur, kimsə udur. Bu cür oyunları qumar oyunu kimi qiymətləndirmək məsələsinə yenidən baxmaq lazımdır. Bu da həmin oyunların ictimai mənəviyyat əleyhinə cinayət kimi qiymətləndirilməsi deməkdir. Ona görə də bu qanun layihəsinə yenidən baxmaq lazımdır”.
Deputat Vüqar Bayramov layihədə lotoreyalardan və idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manata qədər uduşların gəlir vergisindən azad edilməsinin nəzərdə tutulduğunu bildirib: “Bu, orta aylıq maaşdan da aşağı məbləğdir. Daha böyük məbləğdə uduşun gəlir vergisindən azad edilməsi yaxşı olardı”.
Müzakirələrdən sonra “Lotoreyalar haqqında” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.