Natiq Cəfərli: "Türk lirəsinin ucuzlaşması Azərbaycanda qeyri-neft sektorunu, istehsalı bitirəcək"

"Azərbaycanın ikinci prioritet sahəsi olan turizm də inkişaf etməyəcək"

“Qardaş Türkiyədə baş verənlərin bizə təsiri nədən ibarətdir? Məni bu məsələ daha ciddi düşündürür”. 

“Sherg.az” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib. 

Ekspert bildirib ki, indiki məzənnə ilə dolların 16 lirə olmasını və bunun son olmayacağını, o cümlədən Azərbaycan-Türkiyə arasında yeni 15 anlaşma imzalandığını nəzərə alsaq lirənin ucuzlaşması Azərbaycanda qeyri-neft sektorunu, istehsalı bitirəcək: 

“Onsuz da bu sahələr çox zəif idi, indi isə tamamilə mənasız olacaq. Məsələn, belə məzənnə ilə Azərbaycanda tekstil sahəsini yaratmaq mümkün deyil. Bizdə istehsal Türkiyədən idxaldan 2-3 dəfə baha başa gələcək. Azərbaycanın ikinci prioritet sahəsi olan turizm də inkişaf etməyəcək. Bölgədə əsas turizm rəqibimiz Türkiyədir, çünki bazar hədəflərimiz eynidir. Pandemiya bitəndən sonra sərhədlər açılanda Türkiyənin gözəl turizm infrastrukturuna, tarixinə və ən əsası, qiymətlərinə görə çox cəlbedici olacaq. İndinin özündə belə yeni ili 1 günlük Şaxdağda keçirmək istəyən 4 nəfərlik azərbaycanlı ailə həmin pula Türkiyədə 7 gün kef çəkə bilər. Qısası, Türkiyədə lirənin ucuzlaşması bizə ciddi təsir edir və edəcək. Bizdə də manatın alıcılıq qabiliyyəti “ölür”. Əgər məzənnə indiki kimi qalsa, ölkədə nəsə istehsal etmək, turizmə bel bağlamaq mənasız işə çevriləcək”.