1,5 milyard manat vəsait ayrılıb

Sosial islahatların növbəti mərhələsi start götürür

İstənilən şəraitdə əhalinin sosial durumu diqqət mərkəzində olacaq

Azərbaycanda vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının bu günlərdə imzaladığı yeni Fərman və sərəncamlar bu istiqamətdə ardıcıl və geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi. 2022-ci ilin sosial islahatları ölkə rəhbərinin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. 

İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezidentin sərəncamları əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin 1 yanvarından yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. 2019-cu ilin əvvəlində bu müavinət 73 manat idi. 

Ümumilikdə 2,5 dəfə artırılmaqla gələn ilin əvvəlindən 180 manat təşkil edəcək. Bununla da 2022-ci ildə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumunu üstələyəcək. Ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata çatdırılır. Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət üç il əvvəl 68 manat, 2019-cu ilin aprelindən 100 manata çatdırılıb. Yeni Fərmanla 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. O cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılır. Beşdən çox uşağı olan qadınlara aylıq müavinət 55 manatdan 70 manata qaldırılır. Dəfn üçün müavinətin məbləği də 300 manatdan 350 manata çatdırılır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, gələn il 2 milyondan artıq vətəndaş sosial islahatlardan bəhrələnəcək. Nazir müavininin sözlərinə görə, sosial islahatların davamı olacaq və bu qərarlar Azərbaycanda əhalinin həssas qruplarının sosial rifahının yüksəldilməsinə xidmət edəcək. 

Əlavə olaraq qeyd edək ki, Sərəncama əsasən, elmlər doktoru hazırlığı üzrə doktorantlara təyin olunan təqaüdlər 300 manatdan 360 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 180 manatdan 216 manata, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə təyin olunan təqaüdlər 170 manatdan 204 manata yüksəldilir. 

Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcək. 

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçini əhatə edəcək. Son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdıracaq. Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu 43 faiz üstələyəcək. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. 

Prezidentin əhalinin sosial rifahını artırmaq üçün atdığı addımları “Şərq”ə dəyərləndirən millət vəkili Ceyhun Məmmədov deyib ki, dövlət başçısının müvafiq Sərəncamları ölkə rəhbərinin Azərbaycan vətəndaşlarına, xüsusi kateqoriyalı insanlara göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür. Deputatın sözlərinə görə, bütün Fərman və Sərəncamların qayəsi vətəndaşların sosial rifahını yüksəltmək, onların həyat şəraitini daha da yaxşılaşdırmaqdır: 

“Bu istiqamətdə ardıcıl addımların atılması bilavasitə cənab Prezidentin diqqətindədir. Davamlı olaraq verilən qərarlar bunun bariz nümunəsidir. Sərəncamlar ümumilikdə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edəcək. Nəzərə alaq ki, gələn il Qarabağda quruculuq və bərpa işləri maksimum səviyyədə həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə kifayət qədər böyük vəsaitin sərf olunduğu hamıya məlumdur. Bütün bunların fonunda dövlət başçısının birbaşa təşəbbüsü ilə belə bir addımın atılması, insanların rifah halının hər şeydən öndə durduğunu göstərir. Həm də ona dəlalət edir ki, istənilən şəraitdə əhalinin, ələlxüsus müəyyən kateqoriyalı insanların sosial durumu daim diqqət mərkəzində olacaq. 

Heç şübhəsiz, vətəndaşlarımız gələn il ərzində də dövlətin diqqət və qayğısını öz üzərlərində hiss edəcəklər”.