Kreditlərlə bağlı cəmiyyətə şəffaf hesabat açıqlanmır

Millət vəkili Maliyyə Nazirliyinə irad tutdu

"Borc verən maliyyə institutlarının apardığı monitorinq də həqiqəti əks etdirmir"


Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Deputatlar 34 məsələni müzakirə ediblər. İclasda cari məsələlərlə bağlı da çıxışlar edilib, təklif və iradlar səsləndirilib. 

“Məsələyə aydınlıq gətirilməsə, bu tip layihələrin əleyhinə səs verəcəm”

Millət vəkili Razi Nurullayev Maliyyə Nazirliyinin zəmanətli kreditlər barədə məlumat verməsini istəyib. Deputat deyib ki, dövlət müəssisələrinin Azərbaycan hökumətinin zəmanəti ilə aldığı kreditlərin effektivliyi və ya qeyri-səmərəliliyi barədə şəxsən onda heç bir məlumat yoxdur. Millət vəkili qeyd edib ki, ümumiyyətlə, ən ciddi məsələlərdən biri bu günə qədər alınan kreditlərlə bağlı müfəssəl, şəffaf və görülən işləri əks etdirən hesabatın cəmiyyətə açıqlanmamasıdır: “Bilmək istərdik ki, kredit alan müəssisələrin nə qədər borcu var, o kreditlərlə hansı işlər görülüb, hansı yarımçıq qalıb və ya kökündən edilməyib. Borcun miqdarı barədə də mərtəbəli və dolaşıq məlumatlar verilir. Üzümü Maliyyə Nazirliyinə tutub deyirəm ki, bizə bu günə qədər götürülən kreditlərin səmərəliliyi və ya əksi barədə məlumatı təqdim edin. Bu məsələyə aydınlıq gətirilməsə, bütün bu tip layihələrin əleyhinə səs verəcəm. Həmkarlarımı da bu məsələnin ciddiliyinə varmağa səsləyirəm. Səmərəsini və görülən işlərin şəffaf hesabatını bilmədiyiniz işdə iştirakçı olmayaq. Borc verən maliyyə institutlarının apardığı monitorinq də həqiqəti əks etdirmir. Hər bir kredit bu xalqın cibindən, mayasından gedir, onun üçün də hesabatlılığı ən yüksək səviyyədə olmalıdır”.

“Bərdədə kanalizasiya sisteminin olmaması yoluxucu xəstəliklərə zəmin yaradır”

Millət vəkili Fatma Yıldırım deyib ki, Bərdə şəhərində kanalizasiya sistemi yoxdur. Deputat bildirib ki, bu gün ölkəmiz dünyaya yayılmış koronavirus infeksiyasına qarşı qətiyyətlə mübarizə aparmaqdadır: “Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiyanın yayılmaması üçün bütün dövlət strukturları səfərbər olunub. Belə çətin dövrdə 200 mindən çox əhalisi olan Bərdə rayonunda və onun mərkəzi olan Bərdə şəhərində kanalizasiya sisteminin olmaması sakinlərdə çox ciddi narazılıq doğurur. Hazırda ərazi üzrə həm fərdi evlərin, həm də çoxmərtəbəli yaşayış binalarının çirkab suları yeraltı quyulara doldurulur. Vaxtaşırı çirkab sularının texnika ilə daşınması, bəzi hallarda daşaraq yollara dağılması bir çox yoluxucu xəstəliyin yayılmasına zəmin yaradır. İnsan sağlamlığına mənfi təsir göstərən belə halların tezliklə aradan qaldırılması olduqca önəmlidir. Bilirik ki, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində bır sıra rayon mərkəzlərində kanalizasiya sistemləri qurulub və bu işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Bərdə şəhərində də kanalizasiya sisteminin yaradılması ilə əlaqədar ötən il Nazirlər Kabineti və “Azərsu”ya rəsmi şəkildə müraciət etmişəm. Bir daha hökumətdən xahiş edirəm ki, icra olunacaq layihələr çərçivəsində Bərdə şəhəri də nəzərə alınsın”.

“Parlamentdə yeni institut yaradılsın...”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdə qanunların hazırlanması üçün yeni institutun yaradılmasını təklif edib. Deputat bildirib ki, nə dövlət qoruqlarının, nə milli parkların hüquqi rejiminə dair Azərbaycanda qanun var: “Təklif edirəm, bununla bağlı qanun hazırlansın. Ya bunu özümüz hazırlayaq, ya da hökumət göndərsin. Digər tərəfdən, hazırda Azərbaycanda dövlət qurumlarında nəsillərin tarazlanması prosesi gedir. Amma bütün sahələrdə bu, hamar formada özünü büruzə vermir. Bizə göndərilən qanun layihələrində çatışmazlıqlar olur. Ədliyyə Nazirliyi yanında Qanunvericilik Baş İdarəsi var. Baş İdarənin əsas vəzifəsi mövcud qanunların yeni qəbul edilmiş qanunlara uyğunluğunu təmin etməkdir. Bir çox halda Baş İdarənin də rəyləri nəzərə alınmır. Bu işlə məşğul olan institutun yaradılmasına nail olsaq, bu, Milli Məclisin adı ilə qalar. Bunun üçün Prezidentə müraciət edək. Rusiyada Nazirlər Kabineti yanında, Ukraynada Rada yanında, Qazaxıstanda Ədliyyə Nazirliyi yanında Qanunvericilik İnstitutu var. Biz də bu institutu ya Prezident, ya Nazirlər Kabineti, ya Milli Məclis, ya da Ədliyyə Nazirliyi yanında yaradaq. Belə institutun yaradılmasına son dərəcə ehtiyac var. Bununla bir çox problemi həll edib, çözə bilərik”.
Sədr Sahibə Qafarova isə təklif edib ki, bu məsələ ilə bağlı komitədə Əli Hüseynli ilə məsləhətləşmələr aparılsın.

“Gələcəkdə özü işdən çıxan şəxslərə sosial müavinət verilə bilər”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, hazırda ölkə əhalisinin 47,2 faizi kənd yerində yaşayır. Kənd yerində yaşayanlardan 49 faizi iqtisadi fəal əhalidir. Komitə sədri Sabir Rüstəmxanlının ötən iclasda kənd yerlərində yaşayanların peşə hazırlığına cəlb edilməsinə ehtiyac olmaması ilə bağlı fikrinə də münasibət bildirib: “Kənd yerində yaşayanların peşə hazırlıqlarına cəlb edilməsi olduqca vacibdir. Kənd yerində yaşayanlara da dülgər və s. lazım olur. İşaxtaran kimi qeydiyyata alınanların çoxu təcrübəsi olmayan, bir hissəsi isə öz ərizəsi ilə işdən çıxan şəxslərdir. 600 min nəfərə pandemiya dövründə birdəfəlik ödənişlər verildi. Amma onların hamısı iqtisadi fəal əhali deyil. Onların çox hissəsi evdə oturub, bu da onların hüquqlarıdır. Öz ərizəsi ilə işdən çıxanlarla bağlı isə Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq. Əgər danışıqlar nəticə verərsə, gələcəkdə öz ərizəsi ilə işdən çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər”. Parlamentin komitə sədri onu da qeyd edib ki, pandemiya dövründə xarici turizm demək olar ki, dayanmışdı: “Buna baxmayaraq, daxili turizmin inkişafı hesabına 6863 nəfər yenidən işə qəbul olunub. Araşdırmalarımıza əsasən bu rəqəm daha çox vaxtilə əmək müqaviləsi bağlanmayan şəxslərlə əmək müqavilələrinin bağlanması ilə bağlıdır”.

“Pandemiya dövründə 387 min insan işə qəbul olunub”

Musa Quliyev əlavə edib ki, pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib. Amma onu da qeyd edim ki, 387 min insan isə işə qəbul olunub. Deputat bildirib ki, işdən çıxanların bir hissəsi ola bilsin daha yaxşı işə gedib: “Heç kəs onların məcburi yolla ərizə yazdırılaraq işdən çıxarıldığını deyə bilməz. Belə hal olubsa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası var, qurumlar var. Onlar öz hüquqlarından istifadə edə bilər”. Komitə sədri qeyd edib ki, pandemiya dövründə 8800-dən çox iş yeri, 15 mindən çox iaşə yeri bağlanıb: “Hansı ki, iaşə yerləri də turizmlə bağlıdır. Amma daxili turizm hesabına yeni iş yerləri də açılıb. Son 3 ildə əmək müqavilələrinin bağlanması halları 30 faiz yüksəlib. Bu da əməkhaqqı fondunun artmasına səbəb olur”.

“Yeni büdcə qaydası ilə xərclərdə yuxarı hədlər müəyyən edilir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, dövlət başçısının tapşırığı, imzaladığı Fərman və dövlət proqramları ilə Büdcə siyasəti və xarici dövlət borcunun idarə edilməsi siyasəti qarşısında mühüm hədəflər müəyyən edilib: “Bu istiqamətdə xeyli uğurlar da əldə edilib. Bu hədəfləri əsasən 3 qrupa bölmək olar. Birincisi, büdcə idarəetməsində təkmilləşmələrin aparılması, büdcə dayanıqlılığının möhkəmlənməsidir. İkincisi, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin tədricən azaldılması və strateji ehtiyatların qorunmasıdır. Üçüncüsü, xarici dövlət borcunun ÜDM-yə nisbətinin tədricən azaldılması ilə bağlı hədəfdir. Hər 3 istiqamət üzrə tapşırıqlar indiki dördə makroiqtisadi sabitliyin qorunub güclənməsinə, iqtisadi müstəqilliyimizin artımına xidmət edir”. 

“Artan xərclər qeyri-neft gəlirləri hesabına maliyyələşəcək”

Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, qanunlara təklif edilən dəyişikliklər də məhz bu hədəflərə xidmət etməkdədir: “Bu dəyişikliklər transfer, büdcə ssudaları, icmal büdcə gəlirləri və xərcləri, ortamüddətli dövr, birdəfəlik təyinatlı xərclər və digər anlayışların dəqiqləşdirilməsi, dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun təşkilatı formasının dəyişdirilməsi, onun xərclərinin yuxarı həddinə limitin qoyulması büdcə siyasətində təkmilləşmələrə xidmət edir. Digər tərəfdən yeni büdcə qaydası ilə xərclərdə yuxarı hədlər müəyyən edilir. Qeyri-neft baza kəsirinin qeyri neft ÜDM-yə nisbəti ilə müəyyən edilən yuxarı hədlər və bu prosesdə xam neftin ixrac qiymətinin nəzərə alınması dolayısı ilə DNF-dən büdcəyə transferi azaltmağa hesablanıb. Qeyd edim ki, hər il bu yuxarı hədlərin azaldılması planlaşdırılır. Maliyyə Nazirliyi tərəfindən bizə təqdim edilən 5 illik simulyasiyalar büdcə xərclərinin artması senarisində Dövlət Neft Fondundan transferlərin azalacağını göstərir. Artan xərclər isə qeyri-neft gəlirləri hesabına maliyyələşəcək. Həmçinin, yeni qaydada dövlət borcunun ÜDM-yə nisbət göstəricisinin yuxarı həddi müəyyən ediləcək. Bu nisbət ildən-ilə dövlət borcunun ÜDM-yə nisbətinin azaldılmasına xidmət edəcək. Xatırladım ki, hazırda dövlət borcunun ÜDM-yə nisbəti 21.6 faizdir”.