Əhalinin güzəranı diqqətdədir

Növbəti ilin büdcəsi də sosial yönümlüdür

Sərəncamlar sübut edir ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi prioritetdir

Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bunun nəticəsi olaraq əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatların əhatə etdiyi vətəndaşların sayı və maliyyə tutumu deməyə əsas verir ki, elan olunan yeni sosial paket 2022-ci ildə vətəndaşların sosial rifahına müsbət təsir edəcək. Son 3 ildə artırılan sosial ödənişlərə diqqət etsək görərik ki, bu artımların böyük əksəriyyətində nisbət hər hansı faizlə deyil, dəfələrlə artımdan bəhs edilir. Məsələn, əlilliyi olan şəxslərin müavinətini 2019-cü illə müqayisə etsək, yeni fərmanla bu fərq 2,2- 2,5 dəfə artırılıb. Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Rəqəmlər özü-özlüyündə dövlətin sosial siyasətini əks etdirməklə bərabər, bu siyasətin davamlı inkişafa mühüm töhfəsini göstərir. Bu mənada 2022-ci il üçün elan edilən sosial paket maliyyə tutumu və əhatə dairəsi baxımdan mühüm əhəmiyyət kəsb edir. Həssas sosial qrupdan olan 732 min vətəndaşın sosial rifahına yönələn sosial paketin mühüm əhəmiyyətindən biri ondan ibarədir ki, hazırda böyük sosial infrastruktur layihələrinin icra olunduğu və Qarabağa qayıdışı  hədəfləyən proqramların icrası dövrünə təsadüf edir. Bu o deməkdir ki, Prezident İlham Əliyev bütün sahələri diqqətdə saxlayır. Həlli vacib olan məsələlərlə yanaşı, davamlı sosial təminat məsələsinə də xüsusi önəm verir. Bu baxımdan Prezidentin apardığı uğurlu siyasətin tərkib hissəsi hər zaman Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, onun həyat tərzinin artırılması məsələsi dayanır. Bu baxımdan xüsusi olaraq qeyd etmək vacibdir ki, növbəti ilin büdcəsi sosialyönümlüdür. 2022-ci ilin dövlət büdcəsinin demək olar ki, yarısı - 46.4 faizi sosial xərclərə ayrılıb. 
Millət vəkili Cavid Osmanov da deyib ki, dövlət başçısı tərəfindən verilən sonuncu sərəncamlar sosial sahədə aparılan davamlı siyasətin bariz nümunəsi və mühüm göstəricisidir. Deputatın sözlərinə görə, ölkə rəhbəri tərəfindən vətəndaşlara növbəti dəfə inqilabi sosial paketlər təqdim olunub: “Prezident cənab İlham Əliyevin sərəncamlarına əsasən, minimum əmək haqqının məbləği, maaşlar, pensiyalar və təqaüdlər artırılıb. Bu artımlar ölkədə 2 milyondan çox vətəndaşı əhatə edir və sərəncamların icrası hər il 1.5 milyard vəsait tələb edir. Bu qərar sübut edir ki, Prezidentin yürütdüyü siyasətin mərkəzində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dayanır. 2 ilə yaxındır ki, davam edən pandemiya dünya dövlətlərinin, eləcə də Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərib. Həmçinin Azərbaycan ötən il 44 günlük Vətən müharibəsi ilə ərazilərini işğaldan azad edib. Bir ildir işğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma və bərpa işləri aparılır. Bunların fonunda belə sərəncamların verilməsi, vətəndaşların sosial rihafının yaxşılaşdırılmasına istiqamətlənmiş belə sənədlərin imzalanması Azərbaycanın güclü və qüdrətli olduğunun bariz nümunəsidir”. 
Parlament üzvü qeyd edib ki, pandemiya dövründə də iki yoldan birincisi iqtisadiyyatın bərpası, ikincisi isə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması idi: “Aparıcı ölkələr iqtisadiyyatın xilas olması istiqamətində addımlar atsalar da, Azərbaycan sosial siyasət yürüdən dövlət kimi birmənalı olaraq vətəndaşının qorunması, sağlamlığı və onun sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atdı. Ümumiyyətlə, ölkədə aparılan sosial islahatlar 2018-ci ildən etibarən intensiv xarakter alıb”.