Türkiyənin maliyyə bazarında zamanla sabitlik yaranacaq

Lirə və manatın qarşılıqlı mübadiləsi effektli üsuldur

Türkiyə Azərbaycan manatını mübadilə valyutaları siyahısına əlavə edib. Manatın daxil edilməsindən sonra Türkiyə Mərkəzi Bankının xarici valyuta cədvəlindəki valyutaların sayı 22-yə çatıb. Manatla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi də xarici valyutalar siyahısına əlavə olunub. Xatırladaq ki, Türkiyə hökumətinin iqtisadiyyatın idarə edilməsi ilə bağlı qəbul etdiyi 20 dekabr tarixli qərar ölkədə xüsusi canlanma yaradıb. 

Son günlər ABŞ dollarının məzənnəsinin Türkiyənin milli valyutası olan türk lirəsinə nisbətən davamlı yüksəlişi əhalidə, o cümlədən iqtisadi sahədə və biznes mühitində böyük təlaş yaratmışdı. Hökumətin qərarı əsasında alınmış tədbirlər nəticəsində dekabrın 20-də gecə saatlarından başlayaraq ABŞ dolları türk lirəsinə nisbətən sürətlə geriləməyə başlayıb. Əhali “Türk lirəsini mühafizə paketi” adı ilə başlanan layihəni böyük ümidlə qarşılayıb. 

İqtisadçı Pərviz Heydərov “Şərq”ə bildirib ki, Azərbaycan manatının mübadilə valyutaları siyahısına əlavə edilməsi o deməkdir ki, lirə-manat mübadiləsində üçüncü valyutanın dəyərinin nəzərə alınmasına ehtiyac qalmır. Ekspert deyib ki, söhbət birbaşa lirə və manatın qarşılıqlı mübadiləsindən gedir: 

“Bu, daha effektiv üsuldur və lirənin sabit qalmasına zəmin yaradan amildir. Eyni zamanda Türkiyə ilə qarşılıqlı ticarət və iqtisadi əməkdaşlıqda manatın öz dəyərini birbaşa diktə etməyə imkan verir. Əlbəttə, bu addımı daha əvvəldən atmaq mümkün idi. Görünür, yaranmış mövcud vəziyyət, lirənin dollar qarşısında ucuzlaşması bu addımı atmağı zəruri hala gətirdi. Azərbaycanla qarşılıqlı ticarət əlaqələrində manatın özünün dəyərinin nəzərə alınması daha məqsədəuyğundur”. 

P.Heydərova görə, Türkiyə hökuməti tərəfindən atılan addımlar, tətbiq ediləcək yeni layihələr lirənin mövqeyinin bərpasına şərait yaradacaq: 

“Zamanla qardaş ölkənin maliyyə bazarında sabitlik yaranacaq. Şübhəsiz, tədbirlər davamlı olmalı və gələcəkdə spekulyativ amillərin meydana çıxması üçün zəmin formalaşmamalıdır. Məsələn, hökumət qərara alıb ki, vətəndaşların banklardakı lirəyə görə üzləşdikləri itkilər dövlət tərəfindən qarşılanacaq. Bu, əlavə pul emissiyası və nağd pulun dövriyyəyə buraxılması deməkdir. Nağd pul kütləsi vəziyyət sabitləşdikdən sonra əlavə problemlər yarada, lirənin dəyər itirməsinə gətirib çıxara bilər. Ona görə də atılan addımlarda ehtiyatlı olmaq lazımdır”.