Elektron ticarətin üstünlükləri həddindən artıq çoxdur

Xarici ölkələrdəki dövriyəyə cəlb olunmuş yüksək texnoloji yenilikləri dərhal öz ölkəmizdə tətbiq edə bilərik

"Gizli və qeyri-şəffaf iqtisadiyyatdan yaxamızı qurtarmaq istəyiriksə, mütləq elektron ticarəti, nağdsız ödənişləri inkişaf etdirməliyik"

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

  Müasir dövrdə elektron ticarət həyatımızın ayrılmaz hissəsinə çevrilməkdədir. Uzun məsafədən qısa zaman xərcləyərək alış-veriş etmək üçün elektron ticarət olduqca əlverişlidir. Digər tərəfdən, bu ticarət növünün sahibkarlar üçün də üstün cəhətləri var. Ənənəvi ticarətlə məşğul olan sahibkar məcbur olub müəyyən məbləğdə obyekt icarəyə götürməli, orada maaşlı işçilər saxlamalı və digər xərcləri qarşılamalıdır. Elektron ticarətdə isə bu xərclərin bir çoxu ortadan qalxır. 

Eyni zamanda elektron ticarətin inkişafı kuryer və logistika şirkətlərinin də fəaliyyət arealını genişləndirir. Həmçinin yeni cari hesabların açılması baxımından bank sektoru üçün də elektron ticarət mühüm önəm kəsb edir. Elektron ticarətin inkişafı həm də yeni iş yerlərinin yaradılması, dövlət gəlirlərinin stimullaşdırılması və yerli məhsulların xarici onlayn satış platformalarına çıxarılması vasitəsilə ölkənin tanıdılması deməkdir. Elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Bu fəaliyyət növünə əsasən internet mühitində insanlar müəyyən sistemlərlə ərzaqdan tutmuş avtomobilə qədər müxtəlif növ məhsulları pul qarşılığında satın alırlar. 

Elektron ticarətin inkişafının əsasında müasir və əlçatan internet infrastrukturu, inkişaf etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə dayanır. Dünyanın bir çox ölkəsində tətbiq edilən bu alqı-satqı əməliyyatı ilə istehlakçı evindən, iş yerindən və ya hər hansı digər bir məkandan internetə qoşularaq zaman və məkan fərqi olmadan alış-veriş edə bilər. Mütəxəssislərin fikrincə, hazırda dünyada elektron ticarətin həcminə görə ABŞ, Çin, İngiltərə, Yaponiya, Almaniya kimi ölkələr ön sıralarda gedirlər. 

Son dövrlər Azərbaycanda da elektron ticarətə insanlar arasında marağın artması nəzərə çarpır. Məsələn, 2019-cu ildə Azərbaycanda elektron ticarətin həcmi 91faiz artaraq 2,2 milyard manat təşkil edib. 2021-ci ildə isə Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 11 ayı ilə müqayisədə 78,7 faiz artıb.

 2021-ci ilin 11 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9 milyard 668 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 132 milyon manatı elektron ticarətin payına düşür. 

Qalan məbləğin 3 milyard 501 milyon manatı POS-terminallar, 34 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Bununla belə Azərbaycanda son illər elektron ticarətin təşviqi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsinə baxmayaraq, hələ də ənənəvi ticarət növünə üstünlük verən insanların sayı ilə elektron ticarətə üz tutanların sayında kəskin fərq olduğu danılmazdır. Əhalinin bir qismi elektron ticarətə üstünlük verir ki, onların da əksəriyyəti alış-veriş edərkən, əsasən, yerli deyil, tanınmış xarici elektron ticarət platformalarından sifarişlər verirlər. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin rəhbəri Rəşad Əzizov bir müddət öncə bildirmişdi ki, Azərbaycanda elektron ticarətin (e-ticarət) inkişafı üçün bu ilin sonunadək yeni imkanlar yaradılacaq. 

Vurğulamışdı ki, bu imkanlar e-kommersiya və elektron logistika vasitəsilə ixrac prosedurlarını sadələşdirməyə, sərhəd gecikmələrini azaltmağa, əməliyyatların şəffaflığını və təhlükəsizliyini artırmağa, saxtakarlıqdan qaynaqlanan inzibati xərcləri və itkiləri azaltmağa, həmçinin rəqəmsal iqtisadiyyatda daha təkmil rəqabətliliyin təmin edilməsinə zəmin yaradacaq: “Azərbaycan Avropa İttifaqının "EU-4 Digital" təşəbbüsündə fəal iştirak edir. Bu təşəbbüsün məqsədi Aİ-nin Vahid Rəqəmsal Bazarını Şərq Tərəfdaşlığı ölkələrinə doğru genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatını yaxşılaşdırmaq və biznesi dəstəkləmək üçün rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını artırmaqdır. Hazırda geniş miqyasda “virtual anbar” həllinin icrası üçün tövsiyələr hazırlanır”. 
Məlumat üçün bildirək ki, hazırda Avropa İttifaqının “EU-4 Digital” təşəbbüsü tərəfindən e-ticarət həllərini tətbiq etmək üçün üç Şərq Tərəfdaşlığı ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda Aİ və Şərq Tərəfdaşlığı regionu arasında elektron kommersiyanı inkişaf etdirmək üçün pilot layihəyə start verilib. Layihə çərçivəsində qeyd olunan ölkədən Almaniyaya məhsul ixrac əməliyyatları aparılıb. Pilot layihə çərçivəsində pərakəndə satıcılar, bazarlar, çatdırılma operatorları və gömrük orqanları arasında sərhədlərarası məlumatların avtomatik və elektron şəkildə mübadiləsi üçün iştirakçı ölkələrin hər birində satıcıların öz məhsulları haqqında əsas məlumatları saxlaya biləcəyi “virtual anbarlar”ı sınaqdan keçirməyi hədəfləyir. Son dönəmlər bir sıra ölkələrlə yanaşı, Azərbaycanda da elektron ticarətin, nağdsız alış-verişin miqyasının genişlənməsinin əsas səbəblərindən biri də koronavirus pandemiyası idi. Məhz pandemiya xüsusilə elektron ticarətə, elektron ödənişlərə sanki bir “töhfə” vermiş oldu. Azərbaycanda pandemiya dövründə iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması nəticəsində insanlar onlayn alış-verişə üstünlük vermək məcburiyyətində qaldılar. Bunun nəticəsində ölkəmizdə onlayn alış-veriş edənlərin sayı əhəmiyyətli dərəcədə artdı. Statistik məlumatlara əsasən, Azərbaycanda elektron ticarətin həcmi 2018-2020-ci illər ərzində 5 dəfəyə qədər yüksəlib.

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında deyib ki, elektron ticarət gizli iqtisadiyyatın “belini qırıb”. Ekspertin fikrincə, gizli və qeyri-şəffaf iqtisadiyyatdan yaxamızı qurtarmaq istəyiriksə, mütləq elektron ticarəti, nağdsız ödənişləri inkişaf etdirməliyik: 

“Ölkəmizdə texniki sistemlərlə bağlı problem yoxdur. Xarici ölkələrdəki dövriyyəyə cəlb olunmuş yüksək texnoloji yenilikləri dərhal öz ölkəmizdə tətbiq edə bilərik. Bank sistemimiz son dönəmlər bir çox yeniliyə inteqrasiya olunub. Bizdəki əsas problemlər insanların yanaşması ilə bağlıdır. Düzdür, pandemiya elektron ticarətə böyük təkan verdi. Əksər adamlar məcburiyyət qarşısında elektron xidmətlərdən yararlandı. Amma sonrakı mərhələ üçün bunu intensiv hala gətirmək, adiləşdirmək lazımdır. Dövlət bunun üçün stimullaşdırıcı addımlar atır. Məsələn, ƏDV-nin geri alınması prosesi nağd ödənişlərdə 10 faizdirsə, kartla ödənişlərdə 15 faizdir. Sonra nağdsız alış-verişlər zamanı təqdim olunan bonus kartlara vəsaitin müəyyən faizi geri qaytarılır. Nağd alış-verişlərdə hər dəfə nə qədər qəpik-quruş itiririk, çox vaxt pulun kiçik qalığını geri almırıq. Bəzi yerlərdə pulu xırdalamaqda çətinlik çəkirlər və s. Amma təmassız ödənişlərdə belə problemlərlə üzləşmirik, hansısa əngəllə, vaxt itkisi ilə qarşılaşmırıq. Elektron ticarətin üstün cəhətləri həddindən artıq çoxdur”.

F.İbrahimov regionlarda bu sahədə axsamaların olduğunu deyib: 

“Şübhə yox ki, yaxın dövrlərdə rayonlarımızda nağdsız ödənişlərin miqyası artacaq. Qeyd edim ki, bu işdə vətəndaş məsuliyyəti çox önəmlidir.

 Heç nəyə biganə yanaşmamalıyıq. Məsələn, mən bir neçə obyektdə “post-terminal yoxdur” sözünü eşitdikdə prinsipiallıq göstərərək alış-veriş etmədən oranı tərk etmişəm. 

Çünki bəzi yerlərdə ödənişlər nağd olsun deyə qəsdən post-terminalın olmadığını deyirlər. 

Belə məqamlarda vətəndaş müvafiq qurumun qaynar xəttinə məlumat verməlidir”.