Güclü sosial paket hazırlanıb, ancaq problemlər də aradan qalxmalıdır

Əli Məsimli: "Bilinməlidir ki, artırılan 40 manatın neçə manatı süni qiymət artımı edənlərin cibinə gedəcək"

“Əmək pensiyasının minimum məbləğinin 240 manata qaldırılması aztəminatlı ailələrin güzəranının yaxşılaşdırılması cəhətdən çox vacibdir”. Bunu Milli Məclisin dünənki iclasında millət vəkili Əli Məsimli deyib. Deputat bildirib ki, 2022-ci ilin orta pensiyalarında nəzərəçarpacaq artım üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi addımlar atmalıdır. Parlament üzvü vurğulayıb ki, güclü sosial paket hazırlanıb: 

“1.4 milyard manatı əhatə edən sosial paketi həyata keçirərkən nominal və real təminatlarla bağlı problemlər də aradan qalxmalıdır. Bilinməlidir ki, artırılan 40 manatın neçə manatı pensiyaçıya, neçə manatı isə süni qiymət artımı edənlərin cibinə gedəcək. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu problemin öhdəsindən gələ bilmir. Ona görə ən qısa zamanda Rəqabət Məcəlləsi qəbul edilməlidir. Azərbaycanda bazarın xeyli hissəsi monopoliyaya götürüldüyündən sosial islahatlar nəzərə çarpmır. Sosial paket çərçivəsində xalqa verilən pullar süni qiymət artımı səbəbindən onların cibinə getməyəcək. Bir neçə istiqamətdə addımlar atılmalıdır”. 

Ə.Məsimli vurğulayıb ki, Ümumi Daxili Məhsul bölgüsündə ədalətli yanaşma tətbiq edilməlidir:

 “Bizdə ÜDM-nin 20 faizdən çoxu əməyin ödənişinə gedir. Neft ölkələri arasında ən aşağı rəqəm bizdədir. Buna görə də Azərbaycanda əməkhaqqı da aşağıdır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi median əməkhaqqı (əhalinin ilk yarısı ilə ikinci yarısını birləşdirən məbləğ –red) anlayışını ortaya atır. Əhalinin yarısı median əməkhaqqı alır. 

Bu da 443 manatdır. İqtisadi fəallığın artırılması istiqamətində addımlar atılmalıdır. Yüksək maaşlı iş yerlərinin xüsusi çəkisi artmalıdır”.

Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq. Bu məqam Milli Məclisin dünən keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır. 

20 faiz artımla bu məbləğ 240 olacaq. Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.