İqtisadi gücümüzü doğru istiqamətləndirməliyik

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Pandemiya dövründə daha çox riskli layihələrə üz tutmaq lazımdır

Ürəkaçan məqam odur ki, Azərbaycan İnvestisiya Şirkəti tərəfindən təsdiq olunan layihələrin hamısı qeyri-neft sektoruna aiddir

Azərbaycanın dövlət siyasətində bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi gözlənilib. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Keçən dövrün təcrübəsinə nəzər salsaq, görərik ki, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün hüquqi baza davamlı şəkildə möhkəmləndirilib. Həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb. Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bu sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasında mühüm rol oynayıb.

 Azərbaycanın koronavirus pandemiyasının yaratdığı çətinlikləri sırf öz gücünə qarşılaması milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin kifayət qədər yüksək olduğunu əyani şəkildə təsdiqlədi. Son illər Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət dəstəyi nəzərəçarpan dərəcədə artmaqdadır. Ölkəmizdə sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı istiqamətində xeyli iş görülüb. Ötən gün İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) Müşahidə Şurası keçən il nəzərdən keçirdiyi 62 yeni investisiya layihəsindən 5-ni təsdiqləyib. Məlumata görə, daxil olan müraciətlərin 22 faizi kənd təsərrüfatı, 23 faizi qida və içki sənayesi, 13 faizi səhiyyə, 10 faizi yüngül sənaye, 8 faizi ağır sənaye, 5 faizi alternativ və bərpa olunan enerji sahələrinin payına düşür. Təsdiq edilmiş layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə, Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Balacans Agro Food” MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ 4,1 milyon manat vəsait ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır. Hazırda AİŞ daha bir neçə yeni investisiya layihəsinin təhlilini və qiymətləndirilməsini yekunlaşdırmaq üzrədir. 

2021-ci ildə AİŞ-in tərəfdaş təşkilatları ilə əməkdaşlığı da genişlənib. Belə ki, şirkət yerli, xarici sahibkar və şirkətlərlə birbaşa əlaqələr qurub, yerli investisiya fondları, maliyyə təşkilatları, o cümlədən beynəlxalq maliyyə institutları və banklarla daha sıx əməkdaşlıq edib. Bundan əlavə, AİŞ və Türkiyənin ATİB, TÜİB, MÜSİAD, Qətərin “JTA International”, İtaliyanın “Casillo Group”, Çexiyanın “CzechTrade” və s. şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Bununla yanaşı, AİŞ xarici ölkələrin ticarət nümayəndəlikləri, eləcə də şirkətləri ilə görüşlər keçirib, əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb. 2021-ci il ərzində AİŞ-in payçı olduğu layihələr üzrə də əhəmiyyətli işlər görülüb. Portfel şirkətlər üzrə 3 illik strateji inkişaf planı hazırlanıb, onların fəaliyyətinə yeni nəzarət mexanizmləri tətbiq edilib, daha səmərəli əməliyyat modelinin qurulması və korporativ idarəetmə standartlarının tətbiq edilməsində sahibkarlara dəstək göstərilib. AİŞ-in uğurlu fəaliyyəti nəticəsində şirkətin xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlik göstəriciləri artıb. AİŞ ölkə prezidentinin "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 30 mart 2006-cı il tarixli sərəncamı ilə yaradılıb. Şirkətin əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək, qeyri-neft sektorunun inkişafına töhfə verməkdir. AİŞ-in Müşahidə Şurasının sədri iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. 

Bununla belə, hələlik Azərbaycanda kiçik biznesin xüsusi çəkisi, eləcə də qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi və sair bu cür mühüm göstəricilər üzrə kiçik və orta sahibkarlığın payı sosial-iqtisadi tərəqqiyə güclü təkan vermək səviyyəsinə çatmayıb. 

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında deyib ki, ürəkaçan məqam odur ki, Azərbaycan İnvestisiya Şirkəti tərəfindən təsdiq olunan layihələrin hamısı qeyri-neft sektoruna aiddir. Ekspertə görə, əsas hədəfimiz neft amilindən asılılığı maksimal şəkildə zəiflədərək öz iqtisadi gücümüzü möhkəmləndirməkdir:

 “Neftdən asılılığı mümkün qədər azaltmalıyıq ki, gələcəkdə istənilən forsmajor şəraitdə iqtisadi çətinliklə üzləşməyək. Eyni zamanda neftdən gələn gəlirləri Norveç modelinə uyğun olaraq depolayaq. Bu məqam çox önəmlidir. Amma ümumi göstəricilərə baxsaq, müraciətlərin il ərzində baxılma tempi çox aşağıdır. Bunun da səbəbi hələ də mövcud olan büroktarik əngəllərdir. Hər hansı investisiya layihəsini qiymətləndirmək üçün o sahənin mütəxəssisi olmaq şərtdir. İqtisadiyyatda 20 illik təcrübəm də olsa, elə iqtisadi sahə var ki, ona birtərəfli rəy vermək mümkün deyil. Bir də görürsən ki, 10 nəfər bir yerə toplaşıb, özlərinə “ekspert qrupu” adını veriblər və istənilən sahəyə rəy verirlər. Bu, yolverilməzdir”.

F.İbrahimova görə, pandemiya dövründə daha çox riskli layihələrə üz tutmaq lazımdır: 

“Bir çox yerlərdə müəyyən boşluqlar yaranıb. Dünya bazarlarında hər hansısa məhsulun qiymətinin impulsiv şəkildə artımı daxili bazara da təsir göstərməyə başlayıb. Çünki bizdə hansısa layihənin effektli olub-olmayacağı mənasız yerə uzun zaman müzakirə olunur. İstənilən layihəni işləyib təqdim edən sahibkar onun icra mexanizminə də bələddir. Onsuz da bizdə investisiya layihələri oturuşmuş biznes strukturları tərəfindən təqdim olunur. Yoldan keçən təsadüfi adam layihə təqdim etmir ki?! Ona görə də sözügedən qurumun operativliyini və iş sistemini qənaətbəxş saymıram. Bu sahədə daha çevik hərəkət etmək, tempi mümkün qədər yüksəltmək lazımdır”.