Artımlar bütün növ əmək pensiyalarına şamil olunur

Deməli, vətəndaşımız növündən asılı olmayaraq, əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq

“Bu ildən minimum pensiya ilə yanaşı, əmək pensiyaları da ötən il üzrə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunacaq”. Bu barədə millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Deputat bildirib ki, indeksasiya rəsmi elan olunan faizə uyğun pensiya məbləğinin artırılması anlamına gəlir: “Adətən əmək haqqındakı artım faizi yanvar ayının ikinci yarısında elan edilir. Buna baxmayaraq, indeksasiya nəticəsində artımlar cari ilin yanvar ayının 1-dən hesablanır. Yəni indeksasiya nəticəsində əmək pensiyasındakı artımlar yanvar ayından hesablanır. 

Ötən il Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə orta aylıq əmək haqqında artım 11,4 faiz olmuşdu və ötən ilin əvvəlində əmək pensiyalarının məbləği həmin faizə indeksləşdirilmişdi. Artım məbləğinə gəldikdə isə, əmək pensiyaları əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya sistemindəki dəyişikliklər nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləğv olundu. Buna görə də, pensiya məbləği tam olaraq indeksləşdirilir”.

Parlament üzvü xatırladıb ki, Maliyyə Nazirliyi bir müddət öncə 2021-ci ildə orta aylıq əmək haqqının 707,3 manatdan 742.8 manatadək yüksələcəyini proqnozlaşdırırdı: “Bununla belə, illik artımın nisbətən çox olacağı güman edilir.

 Bu, ötən il orta aylıq əmək haqqının təxminən 5 faiz artması anlamına gəlir. Rəsmi göstərici elan olunduqdan sonra isə əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanır və artımlar ilin əvvəlindən hesablanır. İndeksasiya pensiyaçıların 95 faizinə (1 milyon 100 min şəxs -red) şamil olunacaq. 

Artımlar bütün növ əmək pensiyalarına şamil olunur.
 Əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq, əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. 

Ötən il üzrə orta aylıq əmək haqqındakı artım rəsmi olaraq elan olunduqdan sonra pensiyaçılar aldıqları təqaüd məbləğinin üzərinə həmin faizi artım kimi gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya biləcək”.