Qazaxıstan əksər iqtisadi göstəricilərə görə MDB-də ikinci yerdədir: İğtişaşlar 100 milyon dollar ziyan vurdu

“Qazaxıstandakı son iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub. Zərərin miqyası genişlənməkdədir”. 

“Sherg.az” bildirir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, Qazaxıstan əksər iqtisadi göstəricilərə görə MDB-də ikinci yerdədir: 

“Adam başına düşən ÜDM-nin həcminə görə Qazaxıstan Rusiyadan sonra ikincidir, illik 9 min dollar. Orta əmək haqqı məbləğinə görə də, Ukraniya ilə birlikdə şimal qonşumuzdan sonra birlikdə öndədir. 373 dollar orta aylıq əmək haqqısı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk əllilikdə olmaqla MDB-də ikincidir. Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb. Qeyd edək ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir. Bu arada, bitkoin də 47 min 300 dollardan 41 min 400 dollaradək ucuzlaşıb. Bütün bunların fonunda, son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı da itkisiz çıxmayacaq. Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur. Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək”.