"Ət məhsullarının bahalaşması ən çox aztəminatlı sosial qruplara təsir göstərəcək"  - İqtisadçı

"Hökümət mümkün qədər əlində olan iqtisadi alətlərdən istifadə edərək bu qiymət artımlarını  qismən də olsa neytrallaşdırmağa çalışımalıdır”
 
Azərbaycanda mal və quzu ətinin qiyməti  bahalaşıb. Yanvar ayının ilk ongünlüyündən Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10,5 -11 manata satılıb. Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır. Satıcılar bunun səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.

Ət məhsullarının qiymətinin bahalaşması əhali tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar yeni qiymətlərin hər kəsin büdcəsinə uyğun olmadığını düşünür.

Mövzunu “Sherg.az” a  şərh edən iqtisadçı-ekspert  Rəşad Həsənov bildirib ki, bahalaşma əhalinin büdcəsinə mənfi təsir göstərəcək:

“Qiymət artımı əhalinin alıcılıq gücünü zəiflədəcək. Təbii ki, müəyyən sosial qrup üçün imkanlar yaradır. Fermer təsərüffatı ilə məşğul olanlar və ailə təsərüffatlarında ət istehsalı ilə məşğul olanlara müsbət təsir göstərə bilər. Çünki onlar da ölkənin vətəndaşlarıdır. Bu aspektdən yanaşdıqda, əslində qiymət artımlarını hansısa formada istehsalı təşviq edir, onun üçün maraq yaradır və mənfəət normasını artırır. Amma indiki şərtlər daxilində, bu o qədər də geniş yayılmış hal deyil. Çünki ümumiyyətlə, istehsal qiymətlərinin indeksi daha sürətlə artır. Hazırkı şəraitdə qiymətlərin artmasının daha geniş kütlələrə təsiri vardır”.

Ekspert optimal səviyyənin qorunub saxlanılmasının çox vacib məqam olduğunu vurğulayıb:

“İqtisadiyyatda  belə bir məsələ var ki, hər hansısa məhsulun qiyməti artmırsa, bu zaman həmin məhsulların istehsalına maraq və təşviq əhəmiyyətli dərəcədə azalmağa başlayır. Nəticədə qıtlıq yaranır. Bu isə daha ciddi fəsadlara gətirib çıxarır. Amma təbii ki, qiymət artımları da həddən artıq olub optimal səviyyəni pozduqda əhalinin alıcılıq gücünə mənfi təsir göstərir. Bu da dolayısı ilə tələbin aşağı düşməsinə səbəb olur. Burada optimal səviyyənin qorunub saxlanılması çox vacib məqamdır”.

İqtisadçının sözlərinə görə, qiymət artımı ən çox aztəminatlı sosial qruplara təsir göstərəcək:

“Qiymətlərin artmasının hazırkı vəziyyət daxilində xüsusilə həssas sosial qruplara təsiri çox ciddi hiss olunur. İnflayasiya bəzi hallarda ümumi qiymətləndirmələr üçün istifadə olunur. Amma düşünürəm ki, bu doğru deyil. Ərzaq məhsullarının qiymətinin 10 faiz artması o demək deyil ki, hər kəsin büdcəsində eyni formada əks olunur. Çünki əhalinin aztəminatlı sosial qrupları xüsusilədə, birinci və ikinci desil üçün bunlar əsas xərclərdir. Ona görə də bu artımlar aztəminatlı sosial qruplara daha mənfi təsir göstərəcək. Azərbaycanda təxminən 4  - 5 milyon belə insan var. Pensiyaçılar, müavinət alanlar, minimum əməkhaqqı  ilə çalışanlar və.s bu qrupa aiddir. Bu arzu olunan hadisə deyil. Təəssüf ki,   bu qiymət artımları 2022-ci ildə əksər sahələrdə özünü yüksək şəkildə göstərəcək. Hökümət mümkün qədər əlində olan iqtisadi alətlərdən istifadə edərək bu qiymət artımlarını  qismən də olsa neytrallaşdırmağa çalışımalıdır”.

 Çimnaz Şahlar